Şagirdlər məktəbə velosipedlə gedəcək? Ekspertdən ETİRAZ

01.10.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının və şagirdlərin məktəbə gedib-gəlməsi ilə bağlı təhlükəsizlik məsələlərinin həlli üçün müxtəlif təkliflər səsləndirilir. Belə təkliflərdən biri də məktəbdən müəyyən məsafədə yaşayan şagirdlərin dərsə velosipedlə gedib-gəlməsinin təşviq edilməsidir.

Bəs məktəblilərin velosipedlə məktəbə gedib-gəlməsi nə dərəcədə təhlükəsiz və məqsədəuyğundur? Şagirdlərin məktəbə rahat və təhlükəsiz şəkildə çatdırılması üçün velosiped, yoxsa məktəbli avtobusları daha uyğun variantdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, o, bu fikirlə qətiyyən razı deyil:

"Niyə tərəfdarı deyiləm? Çünki ilk növbədə azyaşlıların, xüsusilə də məktəb yaşında olan uşaqların belə peşəkar yollarda velosiped sürməsi özü bir risk və təhlükədir. Çünki istər-istəməz velosiped sürən şagird yol hərəkəti qaydalarına zidd addım ataraq müəyyən problemlər yarada bilər və yaxud hər hansı bir həyat təhlükəsi ilə nəticələnə bilər. Yəni belə yol hərəkəti pozuntuları formalaşa bilər və bununla bağlı ciddi problemlər yarana bilər. Ona görə də düşünürəm ki, şagirdlərin velosipedlə məktəbə gəlməsi məsələsində bir qədər ehtiyatlı olmaq lazımdır. Bir az şagirddən də söhbət getmir, baxın, neçə şagirddir. Yəni bunların hamısı velosiped sürərsə və velosipedlə məktəbə gələrsə, müəyyən problemlər formalaşa bilər deyə düşünürəm. Ona görə də qətiyyən tərəfdarı deyiləm".

Onun sözlərinə görə əslində, bunun üçün ən yaxşı variant məktəbli avtobuslarının formalaşmasıdır. Nurəliyev qeyd etdi ki, məktəbli avtobusları ilə bağlı layihə var idi, amma hazırda həmin layihə arzulanan səviyyədə deyil:

"Əslində, məktəblilərin velosipedlə məktəbə gəlməsindənsə, məktəbli avtobuslarının fəaliyyətini daha aktuallaşdırsaq, daha genişləndirsək, məncə, daha düzgün, daha doğru və daha yaxşı olar. Çünki məktəbli avtobuslarında peşəkar sürücülər olacaq, problemlər formalaşmayacaq. Həm şagirdlərin təhlükəsizliyi daha çox diqqət mərkəzində olacaq, həmçinin şagirdlərin vaxtında ümumtəhsil məktəbinə çatmasına müəyyən dəstək göstəriləcək. Məsələn, beynəlxalq təcrübəyə baxdıqda, məktəbli avtobuslarının fəaliyyəti çox geniş şəkildə təşkil olunur və bu fəaliyyət özünü doğruldub. Ona görə də düşünürəm ki, ən ideal variant məktəbli avtobuslarının fəaliyyət göstərməsidir".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью