Şagirdlərin dərs yükü azaldılmalıdır? ŞƏRH

29.09.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son illərdə azyaşlı uşaqların, xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükü və məktəbdənkənar hazırlıqlara cəlb olunması valideynlər arasında geniş müzakirə olunan məsələlərdən birinə çevrilib. Məktəb dərsləri ilə yanaşı, əlavə məşğələlər, repetitor yanına getmək və müxtəlif hazırlıq kurslarında iştirak uşaqların gündəlik vaxtının böyük hissəsini əhatə edə bilir.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Modern.az-a açıqlama verib:

“Doğrusu, mən bu dəfə məsələyə fərqli aspektdən yanaşmaq istəyirəm. Məsələ nədən ibarətdir? Biz şagirdlərin dərs yükünün ağır olduğunu, əlavə yüklənmələrin olduğunu deyirik. Daha sonra şagirdlərin lazımından çox yükləndiyini vurğulayırıq. Valideynlərimiz və sosial şəbəkə istifadəçiləri dəfələrlə bu məsələni gündəmə gətirirlər. Onları da haqlı saymaq olar. Çünki əziyyət çəkən övladları ilə yanaşı, bu prosesin yükünü valideynlər də öz üzərlərində hiss edirlər. Amma məsələnin digər, görünməyən tərəfi də var. Bu, artıq dünya təhsilinin indiki dövr üçün ortaya qoyduğu tələblərlə bağlıdır. Biz süni intellekt dövründə yaşayırıq. Bu gün süni intellekt təhsilə çox ciddi təsir göstərir və müəllimlər, təhsil idarəçiləri, şagirdlər, eləcə də valideynlər bu dəyişikliklərlə ayaqlaşmalıdırlar”.

Elmin Nuri bildirir ki, inkişaf edən İT dünyası təhsilə də ciddi təsir göstərir və təhsil öz yaratdığı yeniliklərin kölgəsində qala bilməz. Onun sözlərinə görə, süni intellekt, informasiya texnologiyaları və rəqəmsal dünya təhsilin inkişafı nəticəsində formalaşıb və təhsil sistemi də dövrün tələblərinə uyğun şəkildə yenilənməlidir.

Onun sözlərinə görə, dünyanın qabaqcıl təhsil sistemlərində şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədilə daha intensiv proqramlara üstünlük verilir: “Koreya, Sinqapur, Yaponiya, Malayziya kimi ölkələrə baxaq. Avropa və Amerikada da müxtəlif yanaşmalar mövcuddur. Skandinaviya ölkələrinin metodikası isə müəyyən mənada fərqlidir. Lakin ümumilikdə söhbət təhsil aspektindən gedirsə, Azərbaycan özünü dünya təhsilinin bir hissəsi kimi görmək istəyirsə, bu istiqamətdə addımlar atmalıdır. Amma əlavə hazırlıqların başqa bir modeli var ki, buna artıq yol vermək olmaz. Bu, məktəb daxilində kök salan, hətta ibtidai siniflərə qədər gəlib çatan əlavə hazırlıqlardır. Bəzən müəllimlər valideynlərə ‘uşağınızın qavrama qabiliyyəti zəifdir, mütləq əlavə hazırlığa gəlməlidir’ deyirlər. Halbuki müəllimin özünün tətbiq edə biləcəyi əlavə metodlar olmalıdır”.

“Əgər şagirdin qavrama qabiliyyətində müəyyən çətinlik varsa, yaxşı müəllim həmin problemi aradan qaldırmaq üçün xüsusi metodlardan istifadə etməlidir. Deyilə bilər ki, dərs 45 dəqiqədir və sinifdə şagird sayı çoxdur. Amma müəllim əlində hazır metodikalar olmaqla həftədə cəmi bir-iki saat əlavə vaxt ayıraraq həmin uşağın bacarıqlarını inkişaf etdirə bilər. Təəssüf ki, bunu etməyənlər də var. Bunun bir səbəbi pul qazanmaq istəyi, digər səbəbi isə bəzi müəllimlərdə xüsusi metodlardan istifadə bacarığının yetərli olmaması ola bilər. Nəticədə şagird zehni yüklənmə ilə, valideyn isə əlavə maddi və vaxt yükü ilə üzləşir”, - o deyib.

Nicat Rüstəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью