Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Son günlər sosial şəbəkələrdə valideynlər məktəblərdə böyük summativ qiymətləndirmə (BSQ) yazmaq üçün şagirdlərin başqa məktəblərə göndərilməsindən narazılıqlarını bildirirlər. Valideynlərin sözlərinə görə, BSQ yazmaq üçün hər məktəbdə kompüter olmadığı üçün uşaqlar kompüteri olan digər məktəblərə aparılır. Nəticədə valideynlər öz cibindən taksi tutmaq məcburiyyətində qalırlar.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirdi ki, şagirdlərin məktəbdaxili qiymətləndirilməsi istənilən halda məktəb daxilində keçirilməlidir:
"Neçə illərdir ki, BSQ-lər kağız daşıyıcılar vasitəsilə keçirilir, eləcə də hazırda da əksər məktəblərin BSQ qiymətləndirilməsi kağız daşıyıcılarladır. Yəni hansısa məktəbdə BSQ-lərın rəqəmsal keçirilə bilməməsi faciə deyil. Məktəbin maddi-texniki bazası imkan vermədiyi halda BSQ-lər ənənəvi qaydada keçirilməlidir. Şagirdlərin digər məktəbə BSQ imtahanına göndərilməsi onların psixi durumuna da mənfi təsir edə bilər, onlarda öz məktəblərinin daha aşağı formada təmin edilməsi təəssüratı yarada bilər, getdiyi məktəb şagirdlərinin rişxəndinə səbəb ola bilər. Bu da sırf imtahan prosesində şagirdlərin nəticələrinə təsir edə bilər. Bu zaman hər iki məktəbin intizamı və ümumilikdə ayrı-ayrı müəllimlərin də tədris prosesi pozula bilər. Ümumiyyətlə qeyd edim ki, BSQ-lərın keçirilməsi qaydası, yəni vaxtı, kimin təşkil etməsi və s. məsələlərdə “hüquqi boşluq” var. Nümunə kimi deyim ki, BSQ-lər faktiki dərs saatlarında təşkil edilir və bu dərs saatları hansısa müəllimin faktiki keçdiyi dərs saatına düşür. Bu da qanuna uyğun deyil. Yaxşı olardı ki, BSQ-lər üçün dərs ilinin son 2 dərs günü tam olaraq ayrılsın və bu vaxt ərzində müəllimlər üçün dərs saatı nəzərdə tutulmasın".
Nuriyyə NATİQQIZI