Şagirdyönümlü təhsil, müəllim nüfuzu və zorakılıq: Harada səhv edirik?

29.10.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəli, məktəbdə çəkiliş apararkən uşaqların şəxsi həyatına, görüntülərinin qorunmasına və zəruri razılıq məsələlərinə həssas yanaşılmalıdır. Azyaşlının faciəsi sensasiyaya çevrilməməlidir. Ancaq çəkilişlə bağlı narazılıq varsa, bunun yolu hüquqi müraciətdir, zorakılıq deyil. Heç bir irad yumruqla ifadə olunmamalıdır!
Bu hadisə məni daha geniş bir məsələ barədə düşünməyə vadar edir: Kurikulumda hər şeyi şagirdyönümlü etmək nə dərəcədə doğrudur?
Şagirdyönümlü təhsil uşağın maraqlarını, ehtiyaclarını, fərdi xüsusiyyətlərini nəzərə almaq, onu öyrənmə prosesinin fəal iştirakçısına çevirmək deməkdir. Bu yanaşma uşağın hər istəyini yerinə yetirmək, bütün qərarları onun arzusuna uyğunlaşdırmaq, müəllimin mövqeyini ikinci plana keçirmək anlamına gəlməməlidir.
Şagirdin fikrinə hörmət etmək başqa şeydir, onun hər davranışını məqbul saymaq başqa. Təhsil uşağa yalnız hüquqlarını deyil, məsuliyyətini də öyrətməlidir. Əks halda, uşaq zamanla hər şeyin öz istəyinə uyğun olmalı olduğunu düşünə, istəyi yerinə yetmədikdə isə qarşısındakına təzyiq göstərməyi, hətta zorakılığa əl atmağı özünə haqq görə bilər.
Əlbəttə, bu hadisəni kurikulumun nəticəsi adlandırmaq doğru olmaz. Burada söhbət birbaşa səbəb-nəticə əlaqəsindən deyil, təhsildə tarazlığın qorunmasından gedir. Şagirdyönümlülük müəllim nüfuzu, intizam və tərbiyə ilə uzlaşmalıdır.
Uşağın şəxsiyyətinə hörmət müəllimin şəxsiyyətinə hörmətsizlik hesabına qurulmamalıdır.
Bəs tərbiyə haradan başlayır? Ailədən!
Uşağın ilk müəllimi valideynidir. Hörmət, səbir, məsuliyyət, başqasının haqqını tanımaq ilk növbədə ailədə formalaşır. Məktəb bu dəyərləri möhkəmləndirməli, ailə isə müəllimin əməyini və mövqeyini dəstəkləməlidir.
Keçmişdə müəllimlə valideynin sözü, bir çox hallarda, bir idi. Müəllim şagirdə irad bildirəndə valideyn onunla qarşı-qarşıya dayanmaq əvəzinə, övladının davranışını düzəltməyə çalışırdı. Əlbəttə, keçmişin hər yanaşması ideal deyildi. Ancaq müəllim-valideyn birliyinin, qarşılıqlı etimadın və müəllim nüfuzunun qorunmasının dəyərini unutmaq olmaz.
Müəllimin sözü ilə valideynin mövqeyi bir-birini tamamlayanda, tərbiyə ortaq məsuliyyətə çevriləndə bir çox arzuolunmaz davranışın qarşısını almaq mümkündür.
Müəllim nüfuzu bərpa olunmalı, onun sözü eşidilməli, əməyinə hörmət edilməlidir. Bu, müəllimin səhvsiz olması demək deyil. Müəllimin də qərarları müzakirə oluna, yanlışları düzəldilə bilər. Ancaq narazılığın yolu təhqir və təzyiq deyil, qarşılıqlı hörmət və qanuni mexanizmlərdir.
Bu gün jurnalist döyülür, sabah həkimə əl qaldırılır, müəllim təhqir olunur. Hər dəfə hadisəni ayrıca müzakirə edib növbəti gün unutmaqla problem həll olunmur. Biz uşaqlara yalnız dərs proqramını mənimsətməməli, onlara davranış mədəniyyətini, özünü idarə etməyi və başqasının sərhədlərinə hörmət etməyi də öyrətməliyik.
225 saylı məktəbdə baş verən faciə obyektiv araşdırılmalı, uşağın ölümünün səbəbləri və jurnalistə qarşı zorakılıq faktı üzrə nəticələr fərziyyələrə deyil, sübutlara əsaslanmalıdır. Ailənin ağrısına və azyaşlının şəxsi həyatına hörmət də qorunmalıdır.
Məktəbin vəzifəsi yalnız savadlı şagird yetişdirmək deyil. Məktəb insan yetişdirən bir məkandır. Ailə tərbiyənin təməlini qoyur, müəllim bu təməli bilik və mənəvi dəyərlərlə möhkəmləndirir, cəmiyyət isə həmin dəyərlərin yaşaması üçün məsuliyyət daşıyır.
Şagirdin hüququ, müəllimin nüfuzu, valideynin məsuliyyəti — bunlar bir-birinə qarşı deyil, bir-birini tamamlayan dəyərlərdir.
Bəlkə də, özümüzə verməli olduğumuz əsas sual budur: uşaqlarımızı hər istədiyini əldə etməyə çalışan fərdlər kimi, yoxsa istəkləri ilə məsuliyyətləri arasında tarazlıq qura bilən şəxsiyyətlər kimi yetişdiririk?
Cavab təkcə təhsil proqramlarında deyil, ailədəki münasibətlərimizdə, müəllimə yanaşmamızda və uşaqlara örnək olduğumuz davranışlarda gizlidir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью