Sağlam toxum bol və keyfiyyətli məhsul

25.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib. Konfransda dövlət qurumlarının nümayəndələri, alimlər, toxum istehsalçıları və fermerlər iştirak ediblər.

Toplantıda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, fermerlərin rifahının yüksəldilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir. Nazir qeyd edib ki, dövlət başçısının 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də yeni “Toxumçuluq haqqında” qanun ölkədə toxumçuluq sektorunun inkişafı üçün yeni imkanlar yaradır.

Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyən etdiyi yeni dəstək mexanizmlərinin də Dövlət Proqramının prioritetləri ilə uzlaşdırıldığını diqqətə çatdıran Məcnun Məmmədov deyib ki, yeni dəstək mexanizmlərində ilk dəfə olaraq super elit toxumların əkildiyi sahələr üzrə subsidiyaların artırılmış əmsalla hesablanması, kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəşt faizinin isə 50 faizədək yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Konfransda FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin toxumçuluğun inkişafına, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə və laboratoriya xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyi vurğulanıb.

Nazir qeyd edib ki, yeni “Toxumçuluq haqqında” Qanunun, Dövlət Proqramının və yenilənmiş subsidiya mexanizmlərinin ardıcıl icrası yerli toxum istehsalının inkişafına, fermerlərin gəlirlərinin artmasına, idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Məcnun Məmmədov daha sonra deyib: “Əvvəlki illə müqayisədə buğda və arpa toxum istehsalında nəzərəçarpan artım müşahidə olunub. Belə ki, ümumilikdə, 81 min ton toxum istehsal edilmişdirsə, 2026-cı ildə bu rəqəmin 100 min tona yaxın olacağı gözlənilir. Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib. Bununla yanaşı, kartof, tərəvəz, yem və texniki bitkilərin toxumu ilə təminat səviyyəsinin artırılması da qarşıda duran əsas vəzifələrdəndir”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında toxumçuluq sektorunun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, məhsuldarlığın aşağı düşməsinin qarşısının alınması, bitki sağlamlığının qorunması və ölkə ərazisinə təhlükəli zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin-səpin materiallarına və toxumlara nəzarət gücləndirilib. Qeyd olunub ki, ölkəyə idxal edilən toxum materialları virus və bakterial xəstəliklərə görə müvafiq yoxlamalardan keçirilir, yalnız müəyyən edilmiş sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə idxalına icazə verilir.

Agentlik sədri əlavə edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində “Bitki sağlamlığı haqqında” yeni qanunun qəbul edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək.

FAO baş direktorunun köməkçisi və təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu qeyd edib ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı Azərbaycanın davamlı və müasir aqrar-ərzaq sektoruna olan aydın baxışının bariz sübutudur. O, təmsil etdiyi qurumun proqramın icrasını dəstəkləmək üçün artıq ölkəmizlə tərəfdaşlığa başladığını və onu daha da genişləndirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Ölkəmizdə toxumçuluğun inkişafına göstərilən diqqətin təqdirəlayiq olduğunu bildirən Viorel Gutu bildirib ki, yerli toxum istehsalına sərmayə qoymaq yalnız kənd təsərrüfatı siyasəti deyil. Bu, milli ərzaq suverenliyi, iqtisadi özünü təminat və uzunmüddətli təhlükəsizlik üçün həyati vacib bir strategiyadır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, toxumçuluq sahəsində normativ-hüquqi bazanın və keyfiyyətə nəzarət mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var. Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafında istehsalçıları keyfiyyətli, iqlimədavamlı toxumla təmin etmədən yüksək məhsuldarlığa nail olmaq, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək mümkün deyil.

Parlamentdə kənd təsərrüfatının inkişafı üçün qəbul edilən qanunların uzunmüddətli perspektivlərə hesablandığını diqqətə çatdıran komitə sədri deyib ki, Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var və sahibkarlar bu sahədə görülən işlərə çox böyük dəyər verirlər.

Daha sonra konfrans panel sessiyalarla davam edib. Sessiyalarda yerli toxum istehsalının inkişafı, sertifikatlaşdırılmış toxumdan istifadənin genişləndirilməsi, toxumluq əkin sahələrinin aprobasiyası, müasir seleksiya üsulları və fermerlərin keyfiyyətli toxuma çıxışı müzakirə olunub. Həmçinin 2026-cı ildə toxum istehsalının nəticələri və qarşıdakı hədəflərə dair təqdimatlar dinlənilib.

Sonda toxumçuluq sahəsində fəaliyyəti ilə fərqlənən istehsalçılara mükafatlar təqdim olunub.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью