Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İşə qəbul olunarkən və ya sürücülük vəsiqəsi alarkən tələb edilən sağlamlıq haqqında arayışın hansı tibb müəssisələri tərəfindən verilə bilməsi vətəndaşların ən çox maraqlandığı məsələlərdən biridir.
Bu arayışın yalnız dövlət tibb müəssisələri tərəfindən verilib-verilmədiyi, yoxsa müəyyən şərtlərlə özəl klinikaların da belə səlahiyyətə malik olub-olmadığı ilə bağlı suallar tez-tez gündəmə gəlir.
Vətəndaşlar bu arayışı almaq üçün mütləq dövlət xəstəxanasına müraciət etməlidirlər, yoxsa özəl tibb müəssisələri də eyni hüquqa malikdir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, “Sürücülüyə yararlı olmaq barədə” tibbi arayış (Forma 083) vətəndaşa yaşayış yeri üzrə qeydiyyatda olduğu poliklinika tərəfindən təqdim olunur:
“Arayışın təqdim olunması üçün vətəndaş müvafiq ixtisaslı, laborator və instrumental müayinələrindən keçməlidir. “Sürücülüyə yararlı olmaq barədə” tibbi arayış icbari tibbi sığorta üzrə "Xidmətlər Zərfi"nə daxil olmayan ödənişli tibbi xidmətlər sırasına daxildir və rüsumu 50 AZN təşkil edir. Arayış verildiyi tarixdən etibarən 60 gün ərzində qüvvədədir”.
Forma №086 vətəndaşın ümumi sağlamlıq vəziyyətini əks etdirən tibbi arayışdır. Bu arayış ali və orta ixtisas təhsil müəssisələrinə və işə qəbul zamanı təqdim olunur:
“Şəxs yaşayış yeri üzrə qeydiyyatda olan poliklinikadan müvafiq ixtisaslı, laborator və instrumental müayinələrindən keçməlidir.
Bu arayış forması da icbari tibbi sığorta üzrə "Xidmətlər Zərfi"nə daxil olmayan ödənişli tibbi xidmətlər sırasına daxildir və rüsumu 40 AZN təşkil edir. Arayış verildiyi tarixdən etibarən 30 gün ərzində qüvvədədir”.
Qeyd edilib ki, sağlamlıq haqqında tibbi arayış profilaktik müayinə məqsədilə aparılır və bu səbəbdən icbari tibbi sığorta təminatına daxil deyil:
“Sağlamlıq haqqında arayış almaq üçün terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi müayinələrindən keçmək zəruridir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: sağlamlıq arayışı TƏBİB
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin