Icma.az bildirir, Moderator.az portalına istinadən.
“Əgər bu gün məşhur “Bir qalanın sirri” uşaq filmindəki kimi “zaman maşını” işləsəydi və bu saat Şah İsmayılın əleyhinə də, lehinə də danışanları XVI əsr qüdrətli Səfəvilər Azərbaycanına qaytarsaydılar...”
“Şah İsmayıl hakimiyyətə gəldikdən sonra Ağqoyunlular dövründə rəiyyətin belini bükən bir çox ağır və qanunsuz vergiləri (məsələn, "tamğa" vergisini) ləğv etdi, bu da kəndli və sənətkarların rifahını ciddi şəkildə artırdı...”
“Real tarixdə Şah İsmayıl ona həqiqəti deyən, cəsarətli və dövlətçilik təfəkkürü olan ziyalılara qulaq asmağı bacarırdı...”
...Birdən bu media və sosial şəbəkə cameəsi özləri, yaxud hansısa xarici və ya daxili dələduzların göstərişi ilə ilin-günün bu vaxtında gündəmə elə mövzular atırlar ki, adamın əti tökülür. Nə bilim, gah rayonlu-bakılı söhbəti salmağa çalışırlar, yaxud “qaçqınlar niyə köçüb öz yerlərinə getmirlər- getmək istəmirlər” kimi ürək bulandıran sözlər danışıb-yazıb yüzlərlə müşküllərini həll etməli olan insanların başlarını qatıb enerjilərini alır, bir sözlə, vətəndaşların diqqətini əsas problemlərdən yayındırırlar. Bir də görürsən, məşhur bir manısın dilindən o biri manıs haqda çıxan bir sözün ucundan yapışıb ucuzluğa getməklə onları savaşdırırlar. Arabir də ya bir guya elmi, ya da tarixi mövzunu ortalığa itələyib vay-şüvən qoparırlar.
Bu günlərdə növbəti dəfə Azərbaycanın qüdrətli tarixi hökmdarı Şah İsmayıl Xətai haqda qızğın bir polemika açıblar. Tərəflərin kimliyi, ümumilikdə bu tarixi şəxsiyyət haqlı-haqsız olmağı haqda danışmağa lüzum görmürəm. Sadəcə tərəflərin səsləndirdikləri və bütün dövrlərdə bir xalq olaraq, cəmiyyət olaraq riayət etməli olduğumuz bir neçə məqamı vurğulamaq istərdim.
Məsələn, o fikirlə bu sətirlərin müəllifi də razıdır ki, kimliyindən, xalq, Vətən, dövlət üçün xidmətlərindən asılı olmayaraq heç bir tarixi, eləcə də müasir şəxsiyyəti qətiyyən bütləşdirmək olmaz. Amma bunu deyənlərin də həmin prinsipə gerçək həyatda, real siyasətdə, çıxışlarında əməl etməsi zəruridir.
Qarşı tərəfin söylədiyi digər bir aksiom fikir ondan ibarətdir ki, hansısa bir insan gərək mütəxəssisi olmadığı və dərindən araşdırıb bilmədiyi bir mövzu haqda ictimai tribunadan söz açmasın. Onu da əlavə edim ki, hətta həmin mövzunu dərindən bildiyinə əmin olsan belə, xalq, cəmiyyət arasında yersiz qarşıdurma, vaxt, enerji itkisi yaratdığı, vətəndaşların diqqətini əsas, ümdə problemlərdən yayındırdığını bilsən, o mövzunu da publik şəkildə dilə gətirmə, ən yaxşı halda dar elmi, yaxud siyasi şərçivədə müzakirə et...
Üçüncü bir təsdiqə ehtiyacı olmayan fikir isə odir ki, yaşadığın, vətəndaşı, vəzifəlisi, deputatı olduğun bir ölkənin, xalqın dini inanclarına toxunacaq, ziddiyyət, parçalanma, sonda hətta qanlı qarşıdurma yaratmaq potensialə olan fikirlər səsləndirmə...
Konkret halda Şah İsmayıl Xətai və onun Çaldıran savaşında məğlub olduğu Sultan Səlimin müxtəlif müsəlman məzhəblərinə mənsub olduqların heç vaxt dilə gətirmək, qabartmaq böyük günah olar. Çünki daxili və xarici düşmənlərimiz bundan yararlanaraq doğma Azərbaycanın qardaş Türkiyə ilə münasibətlərində ziddiyyətləri artırmağa çalışarlar...
Nəhayət, məndən sorsalar ki, Şah İsmayıl Xətai haqda polemikanı ortalığa atanlara, onu qızışdıranlara nə deyərdin- belə cavab verərdim:
Əşşi, qoyun oturub kasıbçılığımızı edək, gündəlik dərdimiz-sərimizi həll edək. Dərdimiz başımızdan açır, az qala, dörd tərəfimizdə də dava-qırğın gedir, düşmənlər xaricdən-daxildən bizi təhdid edir- siz də başlamısız ki, Şah İsmayıl Xətai belə delə dedi, bunu düz elədi, onu səhv elədi...
Bəli, heç kəs demir ki, Şah İsmayıl böyük hökmdar olmayıb. Azərbaycan qarşısında böyük xidmətləri də olub, səhvləri də... Amma bu saat bunun yeri deyil. Onun, eləcə də Sultan Səlim və digərlərinin səhvlərini nəinki Azərbaycanın, Türkiyənin, o biri türk-müsəlman ölkələrinin də siyasətçiləri tarixçiləri ilə birgə dar çərçivədə araşdırsınlar ki, həmin səhvlərdən bu gün üçün ibrətamiz nəticələr çıxarsınlar...
Yoxsa bunu tarixdən, siyasətdən xəbəri olmayanların ixtiyarına buraxıb düşüncələrdə xaos yaratmaq və bir-birimizin vaxtını almaq doğru deyil...
Atalar demiş, şah bilər, şahsevən bilər. Qoy hərə, elə bütövlükdə xalqda öz dərdi ilə məşğul olsun...
Onu da deyim ki, ümumən biz şahsevən bir xalqıq... Odur ki, elə uzaq keçmişlərdən bəri bizim söhbətimizin başı da, əvvəli də “şah sağ olsun”dur... Əgər bu gün məşhur “Bir qalanın sirri” uşaq filmindəki kimi “zaman maşını” işləsəydi və bu saat Şah İsmayılın əleyhinə də, lehinə də danışanları XVI əsr qüdrətli Səfəvilər Azərbaycanına qaytarsaydılar və hamısını bir karvandakı at arabalarına yığıb Şahın hüzuruna çatdırsaydılar və onlardan qovğalarının səbəbini soruşsaydılar, sizcə, onun siyasətini bəyənmədiklərini aləmə car çəkənlər nə cavab verərdilər?..
Heç nə... Bu günün ən şiddətli tənqidçisi diz çöküb başını xalçaya qoyub, tir-tir əsərək:
“Şahımız sağ olsun, canımız, malımız sənə fəda olsun, ey Qibleyi-aləm, Zillullah (Allahın yerdəki kölgəsi)! Sənin uca hüzurunda rəzil olmuş bu bəndələrini bağışla. Bizim qovğamız sənə qarşı üsyan deyil, ola da bilməz! Biz sadəcə... 500 il sonrakı dünyanın ağılsız bəndələriyik. Sənin qurduğun bu əzəmətli dövlətin gələcəkdə daha da böyük, daha da sarsılmaz olması üçün öz aramızda bəhs edirdik. Sənin uzaqgörənliyini, qılıncının kəsərini özümüzə rəhbər tutmaq əvəzinə, cahillik edib mübahisəyə düşdük. Sənin ədalətin dünyanı tutub, biz kimik ki, sənin siyasətini pisləyək? Biz sadəcə sənin qılıncının heybətindən və adının ucalığından vəcdə gəlmişik, ey Mürşidimiz! Yalvarırıq, bağışla bu aciz, günahkar bəndələrini!..”
Əgər bu gün Şah İsmayılı sosial şəbəkələrdə, televiziyalarda və elmi diskussiyalarda böyük coşğu ilə müdafiə edənlər, "Şah Babam" deyə xitab edənlər həmin zaman maşını ilə XVI əsrin Səfəvi sarayına aparılsaydılar, onların da çoxunun vəziyyəti tənqidçilərdən çox fərqlənməzdi...
Şah İsmayıl "Qovğanızın səbəbi nədir?" soruşanda, müdafiəçilər özlərini Şahın ən sadiq əsgərləri kimi göstərməyə çalışaraq digər qrupu (tənqidçiləri) Şaha şikayət edərdilər:
Müdafiəçilərdən ən başbiləni Şahın qarşısında ikiqat əyilib başını xalçaya vurub qaldırdıqdan sonra əlini sinəsinə qoyaraq:
"Mürşidi-kamil Şahımız sağ olsun! Bizim qovğamız sənin adını uca tutmaq davasıdır. Bu qarşında dayanan cahillər (tənqidçiləri göstərərək) sənin fərmanlarını, apardığın savaşları, qurduğun nizamı bəyənmirlər. Sənin qılıncının heybətindən şübhə edirlər. Biz isə XXI əsrdə də sənin müqəddəs irsini müdafiə edirik, sənin yolunda canımızı verməyə hazırıq, ey Qibleyi-Aləm!"
Şah İsmayılın onun siyasətini pisləyənlərə münasibəti tənqidin sərhədinə görə dəyişərdi:
Əgər tənqid dövlətin varlığına və rəmzlərinə qarşıdırsa:
Səfəvi hüququnda Şahın və dövlətin qərarlarını açıq şəkildə pisləmək "baqi" (üsyançı) və ya "mürtəd" (dindən dönmüş) ittihamı ilə nəticələnə bilərdi. Şah onların bu cəsarətini dövlətə xəyanət kimi qiymətləndirib, digərlərinə ibrət olsun deyə sərt cəza (zindan və ya edam) hökmü verərdi.
Əgər tənqid sadəcə elmi və fəlsəfi fərqlilikdirsə:
Şah İsmayıl sənətə və elmə dəyər verən bir xaqan idi. Əgər bu tənqidçilər sadəcə dövrün çətinliklərindən bəhs etsəydilər, Şah onları "cahillik və qəflət" içində olan insanlar sayaraq, ağıllanmaları üçün dini təhsil və şəriət dərsləri almaq şərtilə zindana və ya sürgünə göndərə bilərdi...
Maraqlıdır ki, XVI əsr Azərbaycan reallığında Şah İsmayıl onu müdafiə edənləri də tam rəğbətlə qarşılamazdı. Çünki o, müdafiəçilərin onu "dünyəvi və millətçi" prinsiplərlə müdafiə etdiyini görəndə, bunu onun dini-mistik missiyasına (Mürşidi-kamil statusuna) qarşı bir hörmətsizlik sayardı. Şah onları "bizim yolumuzu tam anlamayan, sadəcə adımızla öyünən qafillər" adlandırardı. Onlara cəza verməsə də, "Madam ki, bizi bu qədər sevirsiniz, o zaman sözü buraxın, keçin qorçuların(ən sadiq döyüşçülər) sırasına, Şərqə və Qərbə doğru gedən növbəti qəzavatda (savaşda) canınızı fəda edərək sadiqliyinizi sübut edin" deyərdi. Bu isə müasir və rahat müdafiəçilər üçün ən böyük sınaq olardı.
Yekun hökm:
Şah İsmayıl ədalət tərəzisini quraraq qovğaya bu cür nöqtə qoyardı:
"Bu gün mənim mülkümdə heç kim özbaşına qılınc qaldıra və fitnə sala bilməz. Gələcəyin sözü gələcəkdə qalsın. Bizim qərarımız budur ki, hər kəs öz dövrünün nizamına tabe olsun. Bu adamları gəldikləri qəribə zamana geri qaytarın, qoy orada öz daxili qovğalarında boğulsunlar. Bizim isə dövlət işlərimiz və yürüşlərimiz var!.."
Sonda hər iki qrup birlikdə: "Şahın hökmü başımız üstədir! Şahımız sağ olsun!" və s. uzun-uzadı dil-ağız edib mürəxxəs olardılar...
Hər iki dəstədən olanlar adamdan qayıdıb soruşarlar ki, nə yekə-yekə danışarsan, bəs sən özün XVI əsrə qayıdıb Şah İsmayılın hüzuruna çıxsaydın, nə edərdin.
Əvvəla, bəndəniz zorla aparılmasa, boş-boş işlərdən ötrü Şahın hüzuruna çıxıb vaxtını almazdı. Əgər hansısa bir və ya bir qrup təbəənin ciddi problemlərini həll etmək üçün saraya təşrif buyurmaq məcburiyyətində qalsaydı, öncə Şah İsmayıl Xətainin ədalətli işləri, xalqa xidmətləri haqda məlumat toplayar və təxminən aşağıdakı bilgilərə malik olardı:
Şah İsmayıl Xətai həm mürşidi-kamil (mənəvi rəhbər), həm də imperator olduğu üçün onun xalq və rəiyyətlə münasibəti digər klassik Şərq hökmdarlarından kəskin şəkildə fərqlənirdi. Xalq onun nəzərində sadəcə vergi verən təbəqə deyil, ideoloji və mənəvi birliyin əsas dayağı idi.
Xətainin rəiyyətə ən böyük töhfəsi Azərbaycan türkcəsini dövlət, ordu və poeziya dili elan etməsi oldu. Bu addım sadə xalqın sarayla, dövlət sənədləri ilə ünsiyyətini asanlaşdırdı və xalqı yad təsirlərdən qorudu...
Yazılanlara inansaq, real tarixdə Şah İsmayıl ona həqiqəti deyən, cəsarətli və dövlətçilik təfəkkürü olan ziyalılara (məsələn, onun sarayında fəaliyyət göstərən bəzi alim və şairlərə) qulaq asmağı bacarırdı...
Dövrün salnaməçiləri yazır ki, Şah İsmayıl qızıl və gümüşə qarşı tamamilə laqeyd idi. Yürüşlərdən əldə olunan qənimətlər şəxsi xəzinəyə yığılmaz, dərhal yetim-yesirə, dərvişlərə və yoxsul rəiyyətə paylanardı. Çox vaxt şəxsi xəzinəsində bir dinar belə, qalmazdı...
Xətai mürəkkəb saray dili yerinə, sadə kütlənin anladığı heca vəznində və təmiz xalq dilində qoşmalar, gəraylılar yazırdı. Onun şeirləri aşıqlar tərəfindən məclislərdə sazla oxunur, xalqla hökmdar arasında birbaşa mənəvi körpü rolunu oynayırdı.
Şah İsmayıl hakimiyyətə gəldikdən sonra Ağqoyunlular dövründə rəiyyətin belini bükən bir çox ağır və qanunsuz vergiləri (məsələn, "tamğa" vergisini) ləğv etdi, bu da kəndli və sənətkarların rifahını ciddi şəkildə artırdı.
Həmçinin Şah İsmayıl barədə xalq arasında yaşayan məşhur rəvayətləri eşitmiş olardım:
Xalq yaddaşı Şah İsmayılı hər zaman ədalətli, rəiyyətin dərdinə yanan və səmimi bir qəhrəman kimi qoruyub saxlayıb.
Dərviş libasında rəiyyəti yoxlaması...
Rəvayətə görə, Şah İsmayıl tez-tez sadə dərviş, tacir və ya qələndər libası geyinərək Təbriz bazarlarını və kəndləri təkbaşına gəzərdi. O, qazıların ədalətini, bazardakı qiymətləri və məmurların rəiyyətlə rəftarını birbaşa xalqın özündən öyrənərdi. Haqsızlıq edən məmurlar xalqın qarşısında ən ağır şəkildə cəzalandırılardı.
Kor ərəb və Şah İsmayıl...
Bir gün ovda olarkən şah yolda oturan kor bir dilənçiyə rast gəlir. Dilənçi onun şah olduğunu bilmədən deyir: "Eşitmişəm Şah İsmayıl çox səxavətlidir, kaş mənə elə bir sərvət verəydi ki, ömrümün sonunacan möhtac qalmayaydım". Şah İsmayıl dərhal atından düşür, cibindəki bütün qızılları onun ətəyinə tökür və pıçıldayır: "Allah sənin ürəyinə görə verdi, qoca. Şah İsmayıl sadəcə bir vasitəçidir".
Gülüstan qalası və Azərbaycan taxtı...
Şirvanşahlarla müharibə zamanı Gülüstan qalasının mühasirəsi uzanır. Qoşun və rəiyyət yorulur. Şah İsmayıl əmirlərini və xalqın nümayəndələrini toplayıb soruşur: "Sizə Gülüstan qalasımı lazımdır, yoxsa Azərbaycan taxtımı?". Onlar "Azərbaycan taxtı (yəni birliyi), şahım!" deyirlər. Bu rəvayət şahın rəiyyəti boş yerə qırdırmaq istəmədiyini, onun üçün əsas hədəfin torpaqların tamlığı və sülh olduğunu göstərir.
Bütün bu bilgiləri beynimə həkk edib hökmdarımızın ədalətinə güvən hissinə sahib olduqdan sonra müvafiq icazə ilə saraya girməyə nail olardım... Və təxminən aşağıdakı mənzərə və dialoq alınardı:
...Təbrizdə Şahın divanxanası. Şah İsmayıl taxtda əyləşib. Ətrafda qorçubaşı, vəzir, münşilər və əlləri qılınclı keşikçilər dayanıb. Sultan Laçın rəiyyətin şikayət ərizəsini (bərzəni) əlində tutaraq irəli addımlayır. Saray protokoluna uyğun olaraq lazımi ehtiramı göstərir, lakin gözlərindəki intellektual qətiyyəti qoruyur...
Şah İsmayıl (Sultan Laçına diqqətlə baxaraq):
"Xoş gəlibsən, ey gələcək zamanların söz adamı. Eşitmişəm, bizim qurduğumuz bu nizam-büsata, apardığımız qəzavatlara və yolumuza bir xeyli tənqidi nəzərlə baxırsan. Amma bu gün hüzurumuza öz davanı yox, rəiyyətin müşkülünü gətiribsən. De görüm, sənə səsini ucaltmaq cəsarəti verən hansı dərddir? Nədir rəiyyətin müşkülü?"
Sultan Laçın (Ehtiramla baş əyərək, lakin səsini titrətmədən):
"Hökmdarım sağ olsun. Mən bura sənin qılıncının kəsərini yoxlamağa yox, o qılıncın qoruduğu rəiyyətin fəryadını çatdırmağa gəlmişəm. Unutma ki, Şahın ədaləti məmləkətin dirəyidir. Sənin uca hüzurunda dayanan bu bəndələrin sənin fəthlərinlə, adının ucalığı ilə fəxr edir. Lakin o fəthlərin arxasında torpağı quruyan kəndli, yerli bəylərin ağır vergiləri altında beli bükülən sənətkar var. Sən bəlkə də hər şeyi bilsən, rəhm edərsən, amma sarayındakı məmurlar xalqın qanını sorur. Atalarımız demişkən: Şah bağından bir alma yesə, nökərləri ağacı kökündən qoparar."
Şah İsmayıl (Sakit, lakin dərin bir səslə, əlini qılıncından çəkərək):
"Sultan Laçın! Sən elə bilirsən ki, bu taxt-tac üzərində oturan İsmayıl rəiyyətin çəkdiyi ağrılardan qafildir? Sən məmurların xəyanətindən danışırsan, bəs bilmirsənmi ki, bu dövləti yaşatmaq, ordunu saxlamaq üçün xəzinə boş qala bilməz? Mənim də çiynimdə kənar imperiyaların, böyük orduların təhlükəsi var. Hökmdar olmaq hər dərdin anında bitməsi demək deyil."
Sultan Laçın (Sözünə davam edərək):
"Haqlısan, hökmdarım. Biz bilirik ki, dərdsiz insan olmur, Şahın da dəvələri ayaqyalın gəzər; sənin də özünə görə çətinliklərin, əskik günlərin var. Lakin sənin ətrafındakılar səni 'büt'ləşdirib, xalqa elə təqdim edirlər ki, sanki sən heç vaxt səhv etməzsən. Halbuki sən də bir insansan və gələcəkdə də, elə indi də Şahın da dalınca danışarlar. Bu qaçılmazdır. Əgər sənin fərmanların yerlərdə zülmə çevrilirsə, rəiyyət hara qaçmalıdır? Unutma, Şahın fərmanı varsa, rəiyyətin də Allahı var."
Şah İsmayıl (Qaşlarını çataraq, taxtda dikəlir):
"Sən mənim mürşidlik və şahlıq ucalığıma rəiyyətin ahı ilə hədəmi gəlirsən, Sultan Laçın?"
Sultan Laçın (təmkinlə):
"Xeyr, hökmdarım, mən sadəcə sənə həqiqəti xatırladıram. Sən sarayından bəlkə hər yeri görə bilmirsən. Amma bilsən ki, Şahın gözü uzağı görər, xalqın gözü hər şeyi görər... Səni bu ucalığa qaldıran da məhz bu sadə insanlardır, çünki Şah xalqı ilə şah olar. Bu gün təkəbbürlə xalqa yuxarıdan aşağı baxan o bəylərinə, vəzirlərinə tapşır ki, rəiyyəti incitməsinlər. Zaman elə gətirər ki, tale tərsinə dönər və Şahın da qaraçıya işi düşər..."
Şah İsmayıl (Ayağa qalxır, divanxanaya dərin bir sükut çökür. O, yazara tərəf bir neçə addım atır və üzündə bir təbəssüm yaranır):
"Sözlərin qılıncımdan itidir, ey yazıçı. Lakin daxilində xəyanət yox, xalqın dərdi və babalarımızın hikməti var. Bizə hər gün 'Şahım sən müqəddəssən' deyən minlərlə dildənsə, eybimizi bu atalar sözləri ilə üzümüzə deyən bir dürüst dil daha xeyirlidir. Biz fərman veririk: Sənin bəhs etdiyin o yerli hakimlərin və vergi məmurlarının əməlləri Divanbəyi tərəfindən dərhal təftiş olunsun. Rəiyyətdən qanunsuz alınan hər dinar geri qaytarılsın. Biz dövləti ucaltdıq, sən isə bizə o dövlətin təməlindəki insanı və xalqın sarsılmaz hikmətini xatırlatdın."
Şah vəzirə tərəf dönür:
"Mirzə! Bu müdrik yazıçının gətirdiyi ərizədəki hər bir bənd icra olunsun. Özünü isə gəldiyi zamana hörmətlə yola salın. Qoy getsin və öz dövrünün adamlarına desin ki, İsmayıl qılınc vurduğu kimi, ədalət tərəzisini də tutmağı bilir..."
Sultan Laçın