Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çox əziz qardaşım, Zati-aliləri Azərbaycan Prezidenti İlham Əliyevə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsi münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam”.
APA xəbər verir ki, bunu Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik müraciətində deyib.
Şərif daha sonra sözlərinə belə davam edib:
“Parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir.
Xanımlar və cənablar, Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir. Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır. Pakistan həmin Sazişi nəinki Azərbaycan və Ermənistan, o cümlədən bütöv region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışladı.
Xanımlar və cənablar, mən əziz qardaşım, Prezident İlham Əliyevi bu nüfuzlu mükafatı alması münasibətilə bir daha təbrik edirəm. Ümidvaram və dua edirəm ki, uzaqgörən rəhbərinin səyləri ilə qardaş Azərbaycan xalqı uzunmüddətli sülhə, əmin-amanlığa və tərəqqiyə doğru addımlarını davam etdirsin”.