Icma.az bildirir, Sherg.az portalına istinadən.
"Dünən Liv Bona Dea Xəstəxanasına qarşı qaldırdığımız mənəvi zərərin ödənilməsi ilə bağlı iddiaya Nəsimi Rayon Məhkəməsində baxıldı. Məhkəmə hazırlıq iclası keçirildi. Bildiyiniz kimi, bu hazırlıq prosesi artıq 9 aydır davam edir".
Sherg.az xəbər verir ki, bu ifadələri “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu sosial hesabında paylaşdığı videoda səsləndirib. Xanımı Nigar Köçərli isə bildirib ki, adı çəkilən xəstəxanaya çox xoş niyyətlə, sağalmaq arzusu ilə gedib:
"Əməliyyat otağına gedərkən bütün həkimlərə və tibb personalına təşəkkür edərək içəri daxil olmuşdum. Təəssüf ki, ayılma otağında dəhşətli ağrılar içərisində gözlərimi açdım və saatlarla kömək istədim. Bütün bunları dilə gətirmək belə mənə böyük əzab verir. Hər dəfə həmin anları yenidən yaşayıram.
Xəstəxanadan çıxmazdan əvvəl, palatada olarkən dərhal şikayətimizi təqdim etdik. Klinikanın nümayəndələri gəlib məsələni araşdıracaqlarına söz versələr də, təəssüf ki, nə hər hansı bir tədbir görüldü, nə də bizə geri dönüş edildi.
Əksinə, xəstəxanadan çıxdığımız üçüncü gün onurğa beynimə yerləşdirilmiş epidural kateter hələ də üzərimdə olduğu halda evə yola düşürdük. Yalnız qeydiyyat şöbəsindən bunun normal olub-olmadığını soruşduqdan sonra bizi geri qaytardılar.
Biz əslində heç vaxt pul təzminatı tələb etməmişik. Sadəcə, klinikanın üzr istəməsini və baş verənlərə görə məsuliyyətini qəbul etməsini gözləyirdik. Lakin üzr istəmək əvəzinə, klinika bizi məhkəməyə verdi".
Ş.Xuduoğlu qeyd edib ki, səhiyyə sistemi millətin sağlamlığının təminatçısıdır və əgər bir sistem xalqının sağlam yaşamasını istəyirsə, ilk növbədə özü mükəmməl olmalıdır:
"Təəssüf ki, bu gün xalqımızı ən çox narahat edən, ən çox şikayətlərin ünvanlandığı sahələrdən biri məhz səhiyyə sisteminin mövcud vəziyyətidir. Bu sahə ilə bağlı çoxsaylı narazılıqlar var.
Əgər səhiyyə müəssisələri öz əsas fəaliyyətlərini kənara qoyub şikayətlərlə bağlı insanları məhkəməyə verməklə məşğul olacaqlarsa, bu sahə necə inkişaf edə bilər? Yaxşı səhiyyə sistemi şikayətləri görməyi, insanları dinləməyi, öz fəaliyyətinə güzgüdə baxırmış kimi yanaşmağı və çatışmazlıqlarını aradan qaldırmağı bacarmalıdır. Əks halda, inkişafdan danışmaq mümkün deyil.
Mən məhz tənqidlərə düzgün yanaşan, insanları dinləyən və səhvlərini düzəltməyə çalışan səhiyyə sisteminin tərəfdarıyam. Əslində, bu prosesin ilk mərhələsində klinika üzr istəsəydi, yaxud problemin həlli üçün addım atmağa hazır olduğunu bildirsəydi, bəlkə də məhkəmə prosesinə ehtiyac qalmazdı. Lakin mənə elə gəlir ki, onların niyyəti bu deyil.
Çünki adı çəkilən klinika haqqında 7 mindən çox mənfi rəy və məlumatın yayıldığı bildirilir. Lakin həmin məlumatların heç biri ilə bağlı məhkəməyə müraciət edilmir. Bəs niyə məhz bizimlə bağlı məhkəmə iddiası qaldırılır? Niyə görə? Çünki biz ictimaiyyət arasında tanınan insanlarıq".
Nəşriyyat sahibinin dediklərinə görə klinika onların nümunəsində müalicədən narazı qalan, şikayətini ictimailəşdirmək istəyən digər insanları da susdurmaq yolunu seçib:
"Onların vermək istədiyi mesaj budur: əgər sosial şəbəkələrdə və ya mətbuatda bizim haqqımızda yazsanız, öz rəy və fikirlərinizi bölüşsəniz, mütləq məhkəməyə müraciət edəcəyik. Necə ki, bizi artıq 9 aydır məhkəməyə çağırıb aparıb-gətirirlər.
Amma hesab edirəm ki, bu, bizi geri çəkilməyə və susmağa vadar edə bilməz. İnsanları susdurmaqla problemləri həll etmək mümkün deyil. Biz məhkəməyə gedirik və getməyə də davam edəcəyik. Bu proseslə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat verəcəyik".