“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar

21.10.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar

Azərbaycan Birinci liqasının bu gün keçirilən “Şahdağ Qusar” – “Səbail” mərkəzi oyununda Qusar təmsilçisi qələbə qazanaraq (1:0) liderliyə yüksəlib.

Oyundan sonra “Şahdağ Qusar” komandasının baş məşqçisi Füzuli Məmmədov QOL.az saytının suallarını cavablandırıb.

- Oyun haqqında fikirləriniz necədir?

- Oyunumuz doğrudan da çox gərgin keçdi. Fikir verdinizsə, meydançanın hər mövqeyi uğrunda təkbətək mübarizələr gedirdi və komandamız bütün duellərdən qalib ayrılırdı. Qapımız qarşısında heç bir qol epizodu olmadı. Yəni rəqibin qol imkanı yox idi. Amma bizim həm birinci, həm də ikinci hissədə qoldan başqa qol epizodlarımız da var idi. Sadəcə, onları qola çevirə bilmədik.

Futbolçularıma, klubuma, hər zaman yanımızda olan rəhbərliyə, menecerimizə, idman direktoruna təşəkkür edirəm.

- “Səbail” sizin əsas rəqiblərinizdən biri idi. Ona qalib gəldiniz.

- Biz hər oyuna qələbə üçün çıxırıq. Son oyunda məğlub olmuşduq. Amma bilirəm ki, bu, mənim komandamın oyunu deyildi. Ola bilər ki, futbolçularımız həmin görüşə tam istədiyimiz səviyyədə hazırlaşa bilməmişdilər. Bəlkə də, futbolçularda müəyyən psixoloji arxayınlıq yaranmışdı. Amma “Səbail”lə oyuna tam istədiyimiz kimi hazırlaşdılar.

Bilirsiniz, bu, final oyunu kimidir. Belə qarşılaşmalara psixoloji cəhətdən hazırlaşmaq çox çətindir. Futbolçularımız bunu bacardılar. Biz də onların bu oyuna hazır çıxması üçün çox çalışdıq. Futbolçularımız meydanda istədiyimizi göstərdilər.

- Matça Qusardan xeyli azarkeş gəlmişdi. Azarkeş dəstəyinin komanda üçün önəmini vurğulaya bilərsinizmi?

- Əlbəttə. Azarkeşlər stadiona daxil olanda biz artıq soyunub-geyinmə otağında onların səsini eşidirdik. Onların futbolçulara necə motivasiya verdiyini öz gözlərimlə görürdüm. Bizim hər oyunumuz və hər qələbəmiz azarkeşlərimizlə bağlıdır. Azarkeşlərimiz stadiona gələndə burada qələbə qazanırıq. Sağ olsunlar, uzun yol qət etdilər. Hər birinə təşəkkür edirəm. Zatən, biz bu oyunları onlar üçün oynayırıq.

- Komandanın öz stadionunda oynaması real görünürmü?

- Təbii ki, klubumuzun prezidenti ilə mütəmadi görüşür, danışırıq. Samir müəllimlə də görüşür, bu barədə müzakirələr aparırıq. İnşallah, düşünürəm ki, komandamız gələn il artıq yeni stadionda oynayacaq.

Sevil Heydərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью