Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumağa imkan verib: “Bunu qeyd etmək kifayətdir ki, 10 ay ərzində dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olunub. Oktyabr ayının sonuna olan məlumata görə, ölkəmizin strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşıb. Bu isə xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur. İlin mühüm yekunlarından biri böyük qayıdışın davam etməsidir. Yaşayış məskənləri və infrastrukturu bərpa edildikcə doğma yurduna qayıdan ailələrin sayı da artıb. Sosial sahədə də böyük diqqət yetirilir, insanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür”.
Sahibə Qafarova qeyd edib ki, bu il əldə edilən nəticələr 2027-ci ilin büdcəsinin formalaşdırılması üçün ən əlverişli imkanları təmin edib: “Məmnunluqla qeyd olunmalıdır ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılmışdır. Bu cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur. Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat olacaqdır. Bu da cari illə müqayisədə təqribən 696 milyon manat çoxdur. Hörmətli həmkarlar, büdcənin digər göstəriciləri barədə məruzə edilən məlumatlarda lazımi bilgilər verilib. Mən isə yalnız onu qeyd etmək istərdim ki, gələn il büdcə xərclərinin prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi və əhalinin sosial müdafiəsinin, xüsusən həssas təbəqələrinin sosial təminatının daha da gücləndirilməsi əsas amildir. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması yenə də diqqət mərkəzində olacaqdır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa olunması, habelə əhalinin doğma yurdlarına qaytarılması davam etdiriləcəkdir. Süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və yaşıl artımın təmin olunması da büdcənin prioritetləri sırasındadır. Əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasını təmin edir”.
Mürtəza