Sahibə Qafarova ispaniyalı həmkarı ilə görüşdü FOTO

23.01.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 23-də ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.

Redaktor.az xəbər verir ki, qonaqlar parlamentin plenar iclas zalı ilə tanışlıqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Fransina Armenqol burada Xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş olub.

Görüşdə bu səfərin İspaniya parlament sədrinin Azərbaycana ilk səfəri kimi xüsusi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Milli Məclis sədrinin 2025-ci ilin mayında İspaniya Krallığına ilk rəsmi səfərindən sonra həyata keçirilən bu səfər İspaniya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Söhbət zamanı bu səfərin həm parlamentlərimiz arasında, həm də ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Qeyd edilib ki, xüsusən son dövrlərdə ölkələrimiz arasında fəal siyasi dialoqun müşahidə olunması çox mühüm məqamdır. Belə ki, İspaniyanın Baş naziri Pedro Sançezin 2024-cü ilin noyabrında COP29 tədbiri çərçivəsində ölkəmizə işgüzar səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə əlaqələrin genişləndirilməsi üçün bir sıra mühüm birgə təşəbbüslərin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişafını təşviq etmək üçün iki ölkə arasındakı müqavilə-hüquq bazasının genişləndirilməsi, ölkələrimiz arasında münasibətlərdə iqtisadi əməkdaşlığın rolu, İspaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, bərpaolunan enerji, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri qonağa Azərbaycanın Avropaya bərpaolunan enerji resurslarının ixracı istiqamətində həyata keçirdiyi layihələr, Azərbaycanın hazırda Orta Dəhlizdə tranzit ölkə kimi mühüm rolu, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumat verib.

S.Qafarova qeyd edib ki, ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sülh bölgəmizdəki reallıqları tamamilə dəyişdirib. Azərbaycan və Prezident İlham Əliyev bölgəmizdəki bu tamamilə yeni sülh və təhlükəsizlik reallığının müəllifidir. Milli Məclisin sədri Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib.

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Bakıda ziyarət etdiyi Zəfər muzeyi və ölkəmizdə gördüyü inkişaf barədə təəssüratlarını bölüşüb.

O, İspaniyanın Azərbaycanın suverenliyini dəstəklədiyini və onunla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, ispan şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin foyesində yaradılmış və 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью