Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin sədri ilə İran İslam Şurası Məclisinin sədri arasında görüş keçirilib Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.
AYNA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Görüşdə tədbirin Bakının evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu cür tədbirlərin həm bir sıra ciddi qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğu, eyni zamanda təşkilata üzv ölkələr arasında münasibətlərin də müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.
Söhbət zamanı bu səfərin Məhəmməd Baqer Qalibafin ölkəmizə ilk səfəri olduğu və bu səfərin münasibətlərimizin inkişafına töhfə verəcəyi ilə bağlı inam ifadə edilib.
Bildirilib ki, Azərbaycan və İran xalqları ortaq tarixi, dini və mədəni dəyərləri bölüşür.
Bu, ölkələrimiz arasındakı bugünkü münasibətlərin əsasını təşkil edir və münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı təməldir.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın xarici siyasətinin prinsiplərinə, müasir beynəlxalq münasibətlər sisteminə dair baxışları ilə bağlı Prezident İlham Əliyevin fikirlərini xatırladaraq, deyib ki, bu prinsiplər dostluq, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərə riayət etmək, qarşılıqlı hörmət nümayiş etdirmək kimi prinsiplərdir.