Sahibkara dəstək vətəndaşa və dövlətə dəstək deməkdir, çünki...

18.11.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Millət vəkilindən hər bir istehsalçının həyatına təsir edəcək mütərəqqi təklif

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Məşhur Məmmədov maraqlı və bir o qədər də mütərəqqi təkliflə çıxış edib. Sahibkarların ölkə iqtisadiyyatındakı roluna toxunan millət vəkili qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan hər bir yenilik ilk növbədə onun vətəndaşlara və sahibkarlara yaradacağı real yük baxımından qiymətləndirilməlidir. Məqsəd fermerlərin işini asanlaşdırmaq olmalı, onların üzərinə əlavə və ağır öhdəliklər qoyulmamalıdır.
Deputatın diqqətə çatdırdığı mühüm məqamlardan biri də bu tələblərin son nəticədə istehlakçılara təsiridir. Belə ki, mühasibat uçotuna görə fermerlərin çəkəcəyi əlavə xərclər istehsal xərclərinin artmasına, bunun da kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşmaya səbəb olmasına gətirib çıxara bilər:
"Əslində, aqrar sahədə qəbul edilən qərarlar yalnız büdcə gəlirləri və inzibati tələblər baxımından deyil, fermerlərin gündəlik fəaliyyəti və əhalinin ərzaq təminatına təsiri baxımından da dəyərləndirilməlidir.
Fermerin yükünü artırmaq deyil, onun fəaliyyətini stimullaşdırmaq lazımdır. Çünki kənd təsərrüfatında yaranan hər əlavə xərc sonda həm istehsalçıya, həm də sadə istehlakçıya təsir edir”.

Sahibkarların istehsal gücünün artırılması dövlətin gücünün artmasıdır...

Məşhur Məmmədovun diqqət çəkdiyi bu məqam bir çox baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu amillərdən biri sahibkarların istehsal gücünün qorunub saxlanılması və artırılması ilə bağlıdır.

2024-cü ildə Azərbaycanda 386 minə yaxın fermerə kənd təsərrüfatı subsidiyası ödənildiyini, torpaq sahiblərinin sayının isə 600 mini ötdüyünü vurğualayn millət vəkili bildirib ki, 384 min fermerdən hər birinin ildə 40 manat ödəməsi nəzərdə tutulur.
Deputatın fikrincə, məsələ yalnız 40 manatlıq ödənişlə bitmir. Mühasibat uçotunun təşkili fermerlərdən əlavə işçi qüvvəsi cəlb etməyi və daha böyük maliyyə vəsaiti xərcləməyi tələb edə bilər. Xüsusilə regionlarda bu sahə üzrə mütəxəssis tapmaq da fermerlər üçün ciddi çətinlik yarada bilər. Bu isə onların istehsal gücünə mənfi mənada təsir göstərə bilər ki, bunun da öz əksini qiymət artımında göstərməsi ehtimalı böyükdür. Bu baxımdan milllət vəkili haqlı olaraq, fermer və sahibkarların yükünün artırılmasının arzuedilməz olduğunu bildirib.

Yeni investisiya və yeni iş yerlərinə gedəb yol

Qeyd edək ki, dünya təcrübəsi göstərir ki, fermer və sahibkarlar üçün daha azad və maneəsiz mühitin yaradıldığı ölkələrdə istehsal imkanları sürətlə genişlənir ki, bu da nəticə etibarilə məhsul bolluğuna, qiymətlərin ucuzlaşmasına və xalqın alıcılıqm qabiliyyətinin yüksəlmsinə səbəb olur. Bundan başqa, istehsalın genişlənməsi və xalqın alıcılıq qabiliyyətinin artması sahibkarların maddi gücünün artması deməkdir ki, bu da onlara ölkə iqtisadiyyatına əlavə investisiyalar qoymaq imkanı yaradır. Bu da yeni iş yerləri və yeni iqtisdi güc mərkəzləri deməkdir.

Vətəndaşın alıcılıq qabiliyyətinin artmasına xidmət edən təklif

Millət vəkilinin təklifini önəmli edən digər bir məqam bu təklifin xalqın sosial rifahının daha da yaxşılaşmasına, alıcılıq qabiliyyətinin yüksəlməsinə xidmət etməsidir. Çünki fermerlərin fəaliyyəti üçün hüquqi çərçivənin genişləndirilməsi, onların azad, müstəqil fəaliyyəti üçün daha otimal mühitin yaradılması, onların vergi yükünün yüngülləşdirilməsi daha ucuz məhsul istehsalını sitimullaşdıra bilər. Bu da xalqın həyat səviyyəsinin praktiki şəkildə yüksəlməsi deməkdir. Məlum yanaşma, həmçinin, ölkə daxilində iqtisadi fəallığı artıran amil kimi də mühüm önəm kəsb edir.

Dövləti varlandırmağın yolu xalqı varlandırmaqdan keçir

Üçüncüsü, fermer və sahibkarların vergi yükünün azaldılması xalqın alıcılıq qabiliyyətini yüksəltməklə yanaşı, məşğulluq probleminin həllinə, dövlət büdcəsinə daha çox və daha dinamik gəlirlərin daxil olmasını təmin edə bilər.

Bir sözlə, millət vəkilinin fermerlərlə bağlı təklifinin mahiyyətində “varlı xalq, zəngin dövlət” ideyası dayanır ki, bu da bütün inkişaf etmiş bütün dövlətlərə xas yanaşmadır. Dövlətin varlanması, büdcənin dolması üçün xalqın varlanması şərtdir. Çünki təcrübə göstərir ki, varlı xalqın kasıb dövləti olmur!

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью