Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın təşviqi və aqrar sahəyə dəstəyin gücləndirilməsi məqsədilə bir sıra vergi güzəştlərinin tətbiqi təklif olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Azər Əmiraslanov Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında gündəliyin yeddinci məsələsi – vergi qanunvericiliyinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təklif olunan dəyişikliklər kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini genişləndirməsini və daha böyük sahibkarlıq kateqoriyasına keçidini stimullaşdırmağa yönəlib. Bu məqsədlə müəyyən şərtlər daxilində sahibkarların gəlir və mənfəətinin 25 faizinin vergidən azad edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, bəzi məhsul və xidmət sahələrində, o cümlədən ticarət təşkilatlarına xidmət göstərən mehmanxana və sanatoriyaların fəaliyyətində vergi güzəştlərinin tətbiqi təklif olunur.
Azər Əmiraslanov qeyd edib ki, avtomobil sənayesi və kənd təsərrüfatı texnikasının yerli istehsalının təşviqi üçün də vergi güzəştləri genişləndirilir. Bu tədbirlər yerli istehsalın və ixracın artırılmasına, ölkəyə valyuta daxilolmalarının genişlənməsinə xidmət edir.
Deputat aqrar sahəyə dəstək tədbirlərinə də toxunub. O bildirib ki, kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəətinin vergidən azad edilməsi, müəyyən qeydiyyat və bəyanetmə şərtləri daxilində 90 faizlik vergi güzəştinin tətbiqi, eləcə də istehsalla bağlı dövlət rüsumlarından azadolma nəzərdə tutulur.
Çıxışında nağdsız ödənişlərin stimullaşdırılmasına da diqqət çəkən deputat bildirib ki, ƏDV ödəyicisi olmayan müəyyən ticarət və xidmət subyektlərindən alış zamanı nağdsız ödənilən məbləğin 3 faizinin istehlakçılara geri qaytarılması təklif edilir.
Zeynəb Rzayeva