Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın iqtisadi siyasətində qeyri-neft və qaz sektorunun inkişafı, ixracın şaxələndirilməsi və yerli məhsulların xarici bazarlarda mövqeyinin gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Son illərdə qeyri-neft və qaz ixracının artırılması məqsədilə sahibkarlara müxtəlif təşviq və dəstək mexanizmləri təqdim edilir.
Bu tədbirlər sırasında ixracatçıların maliyyə yükünün azaldılması, məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və logistika xərclərinin optimallaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Yeni mexanizm çərçivəsində Azərbaycan mənşəli qeyri-neft və qaz mallarının xarici bazarlara daşınması zamanı yaranan xərclərin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi nəzərdə tutulur.
Dəstəyin nəqliyyat növündən və daşıma xərclərindən asılı olaraq müəyyənləşdirilməsi sahibkarların ixrac fəaliyyətində üzləşdiyi əsas xərclərdən birinin azaldılmasına imkan verəcək.
Mütəxəssislərin fikrincə, logistika xərcləri xüsusilə uzaq və yeni bazarlara çıxış zamanı məhsulun son qiymətinə birbaşa təsir edən amillərdən biridir.
Bu xərclərin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması Azərbaycan məhsullarının xarici bazarlarda daha rəqabətli qiymətlərlə təklif edilməsinə, ixracatçıların bazar imkanlarını genişləndirməsinə və yeni istiqamətlərə çıxışına şərait yarada bilər.
Bəs yeni ixrac dəstəyi mexanizmi sahibkarlar üçün hansı imkanları açır? Daşıma xərclərinin bir hissəsinin kompensasiya edilməsi Azərbaycan məhsullarının xarici bazarlardakı rəqabət qabiliyyətinə və qeyri-neft və qaz ixracının artımına necə təsir göstərəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, sahibkarlara dövlət dəstəyi Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət imkanlarını genişləndirə bilər:
“Məsələyə ümumi bir aksiom nəticəsi kimi baxsaq, əgər sahibkarlar məqsədli ixrac siyasəti həyata keçirirsə, xarici bazarda bazar payını artırmağı hədəfləyirsə, xərclərin subsidiyalaşdırılan hissəsinin sonda Azərbaycan məhsulunun xarici bazarda təklif qiymətinin aşağı düşməsinə gətirib çıxaracağı aydındır.
Çünki ümumi prosesdə xərclərin aşağı düşməsi məhz maya dəyərinin aşağı düşməsi deməkdir. Dolayısı ilə bu, qiymətin aşağı düşməsinə gətirib çıxarmalıdır. Beləliklə də, həmin məhsula, təbii ki, məhsulun özündən asılı olaraq təsir göstərəcək. Məhsulun qiymət elastikliyi olub olmaması, məhz bu məsələlər də nəzərə alınmalıdır.
Çünki bütün növ məhsullarda eyni təsiri görə bilmərik. Hər bir məhsulun öz spesifikası və xarakteristikası var. Əgər qiymət elastikliyi yüksək olan məhsul növüdürsə, bu halda aydındır ki, tələbə müsbət istiqamətdə daha ciddi təsir göstərə bilər və bazar payı genişlənər. Bu da dolayısı ilə istehsalın və ixracın artmasına gətirib çıxara bilər”.
İqtisadçı qeyd edib ki, yerli istehsal güclənmədən ixracın stimullaşdırılması effektiv olmayacaq:
“Yox, əgər məhsullar nisbətən zəif qiymət elastikliyinə malikdirsə, bu zaman artıq ciddi dəyişikliklər görməyə bilərik. Amma məsələyə ümumi baxsaq, təbii ki, bu dəstəyin özü əhəmiyyətlidir. Bundan əvvəl də ixraca dair fərqli dəstək mexanizmi vardı və düşünürəm ki, bu dəstək mexanizmi, eyni zamanda yerli istehsalın təşviq edilməsi və onun ixrac qabiliyyətinin gücləndirilməsi siyasətləri ilə paralellik təşkil etməlidir. Çünki əgər yerli istehsal yoxdursa, ixracı dəstəkləməyin mənası yoxdur.
Yəni yerli istehsal da artmalıdır və məhsulun keyfiyyəti qlobal bazarlardakı mövcud standartlara cavab verəcək səviyyədə olmalıdır ki, ixracı dəstəkləyən bu subsidiya mexanizmi özünün effektiv nəticələrini doğura bilsin. Yəni bu, enerji və s. məhsullar istisna olmaqla, demək olar ki, əksər ixrac məhsullarına şamil olunur”.
Onun sözlərinə görə, ixracatçılara göstərilən dəstək ixrac coğrafiyasını genişləndirə bilər:
“Burada mexanizmin özündə çox böyük subsidiyalaşdırmadan, xərclərin kompensasiyasından söhbət getmir. Yəni bəzi hallarda məhsulun xarici bazara çıxarılması xərclərində logistika xərcləri ümumi xərclərin 5-10 faizini təşkil edir.
Hansı məhsul növündə logistika xərcləri xarici bazara təklif zamanı daha əhəmiyyətli paya malikdirsə, təbii ki, orada bu dəstəyin təsirləri daha ciddi ola bilər. Bəli, əslində, sahibkarlar, xüsusilə də ixracatçılar bundan peşəkar şəkildə istifadə edə bilsələr, digər alətlərdən də yararlana bilərlər. Məhsulların dünya bazarlarına çıxarılması, brendlərin formalaşdırılması və tanıdılması ilə bağlı Azərbaycanda dəstək mexanizmləri var.
Sərgilərdə iştirak xərclərinin qarşılanması, məhsulların tanıdılması və digər istiqamətlərdə dəstək göstərilir. Bütövlükdə bu paketi səmərəli şəkildə istifadə edə bilsə, əlbəttə ki, ixrac coğrafiyasının genişlənməsinə gətirib çıxara bilər”.
O bildirib ki, Körfəz və Çin bazarlarına çıxışda logistika xərcləri mühüm amil olaraq qalır:
“Çünki xüsusilə son illərdə, məsələn, Körfəz bazarı Azərbaycan kənd təsərrüfatı məhsulları üçün alternativ bazar kimi nəzərdən keçirilir. Yaxud bəzi məhsullarımızın Çin bazarındakı potensialından istifadə edilməsi istiqamətində də cəhdlər var.
Bu baxımdan aydındır ki, logistika xərcləri əhəmiyyətli təsiredici amildir. Burada xərclərin subsidiyalaşdırılması ixracatçı üçün daha əlverişli mühit yaradır. Amma nəticələr, bütövlükdə, bir ekosistemin formalaşmasından və eyni zamanda bu ekosistemin daxilində sahibkar təşəbbüsünün ortaya çıxmasından daha çox asılı olacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin