Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Aydın Hüseynov vergilərin dövlət büdcəsinin əsas gəlir mənbəyi olmaqla yanaşı, həm də iqtisadi inkişafı tənzimləyən, sahibkarlığı dəstəkləyən və investisiyaları stimullaşdıran mühüm alət olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari qeyd edib ki, müzakirəyə təqdim olunan və 67 istiqaməti, eləcə də 4 əsas bloku əhatə edən qanun layihəsi biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, vergi bazasının genişləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsi baxımından dövlətin maliyyə maraqları ilə sahibkarlığın inkişafı arasında düzgün tarazlıq yaradır.
Layihədəki əsas yeniliklərə toxunan A.Hüseynov mikro sahibkarların böyüməsinin stimullaşdırılmasını xüsusi vurğulayıb. İnternetdən sifariş
Bildirilib ki, mikro sahibkar daha yüksək kateqoriyaya keçdikdə əvvəlki hesabat ilində ödədiyi vergilərin sonrakı vergi öhdəliklərindən çıxılması təklif olunur ki, bu da kiçik biznesin genişlənməsinə əlavə stimul verir. Deputat əlavə edib ki, kiçik sahibkarlar üçün nəzərdə tutulan vergi güzəştləri nəticəsində onların sərəncamında qalan əlavə maliyyə vəsaiti yeni avadanlıqların alınmasına, istehsalın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına yönəldiləcək.
İxracın təşviqi mexanizmlərindən danışan parlamentari ölkədə istehsal edilərək ixrac olunan mallar və müəyyən xidmətlər üzrə gəlir və mənfəət vergisinə 5 il müddətinə, maksimum 25 faiz həcmində güzəştin təklif edildiyini diqqətə çatdırıb. İxracın müəssisənin ümumi gəlirindəki payından asılı olaraq tətbiq ediləcək bu güzəştin qeyri-neft ixracının artmasına, ölkəyə valyuta axınına və yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradacağı vurğulanıb.
Deputat təklif olunan dəyişikliklərin Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi baxımından da böyük əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Ağdam Sənaye Parkında və Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılması zamanı bu ixrac güzəştlərindən istifadə etməsi həmin ərazilərdə özəl investisiyaların və məşğulluğun artmasına əlavə təkan verəcək.
Çıxışının sonunda vergi güzəştlərinin real nəticələrinin mütəmadi qiymətləndirilməsinin vacibliyini önə çəkən A.Hüseynov bu güzəştlər hesabına cəlb olunan investisiyaların, yaradılan iş yerlərinin və artan ixrac həcmlərinin dəqiq təhlil edilməli olduğunu, çünki güclü sahibkarlığın güclü iqtisadiyyat və dayanıqlı dövlət büdcəsi demək olduğunu vurğulayıb.