Sahibkarlığın inkişafında dörd əsas şərt nə dəyişməlidir?

09.11.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Şəbnəm İbrahimxəlilova, Banco.az

İqtisadiyyatın müəyyən sayda iri şirkət və biznes qrupları üzərində cəmləşməsi ölkənin iqtisadi strukturunda diqqət çəkən məsələlərdən biridir. Kiçik və orta sahibkarlıq subyektlərinin bazardakı mövqeyi, müxtəlif sektorlar üzrə biznes fəaliyyətinin bölgüsü və iqtisadi fəallığın iştirakçılar arasında paylanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda da iqtisadiyyatın iri bizneslərdən asılılıq səviyyəsi və sahibkarlıq mühitində rəqabət imkanları müzakirə olunan məsələlərdəndir. Azərbaycanda iqtisadiyyatın məhdud sayda iri şirkətdən asılılığı hansı iqtisadi risklər yarada bilər? Kiçik və orta biznesin bazardakı mövqeyini gücləndirmək üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Eldəniz Əmirov Banco.az-a bildirir ki, ölkəmizdə iri şirkətlərin sayı kiçik və orta sahibkarlıq subyektləri ilə müqayisədə o qədər də çox deyil.

“Belə ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 99 faizindən çoxunu kiçik və orta sahibkarlıq subyektləri (KOB) təşkil edir. Bununla belə, iri şirkətlərin iqtisadiyyatda rolu kifayət qədər böyükdür. Onlar genişmiqyaslı investisiyalar yatırır, çoxsaylı iş yerləri yaradır və ixrac imkanlarını genişləndirirlər.

Lakin müxtəlif sahələrdə iqtisadi fəaliyyətin həddindən artıq cəmləşməsi müəyyən risklər yaradır. Belə şəraitdə rəqabət zəifləyir, bazara çıxış imkanları mənfi istiqamətdə təsirlənir. Buna görə də məqsəd iri şirkətlərin fəaliyyətini məhdudlaşdırmaq deyil, onlarla yanaşı KOB-ların da güclənməsinə şərait yaratmaqdır”.

O deyir ki, KOB-ların bazardakı mövqeyinin gücləndirilməsi üçün atılmalı addımlara gəldikdə isə etiraf etmək lazımdır ki, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində kifayət qədər ciddi tədbirlər görülüb. “Müxtəlif dövlət dəstəyi mexanizmləri yaradılıb, bu sahədə fəaliyyət göstərən qurumlar sahibkarlara dəstək verib. Biznesə başlamaq istəyənlər üçün əlverişli şərait formalaşdırılıb, rəqəmsallaşma istiqamətində yeni imkanlar yaradılıb.

Lakin əsas məsələ yaradılmış KOB-ların sonradan böyüməsi ilə bağlıdır. Bu istiqamətdə müşahidə olunan dinamika hələ də arzuolunan səviyyədə deyil. Makroiqtisadi baxımdan maliyyə resurslarına çıxışın asanlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Kredit faizlərinin aşağı olması və sahibkarların daha ucuz maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi vacibdir. Bununla yanaşı, sağlam rəqabət mühitinin formalaşdırılması və kiçik biznes subyektləri arasında əməkdaşlıq imkanlarının artırılması da önəmlidir. Bütün bu məsələlərə kompleks yanaşılmasına böyük ehtiyac var”.

“Ümumiyyətlə, mən sahibkarlığın inkişafı üçün hər zaman dörd əsas prinsipi vurğulamışam və bu gün də onları bir daha diqqətə çatdırmaq istəyirəm:

Birinci, mikro sahibkarlara toxunmamaq.

İkinci, kiçik sahibkarlara dəstək olmaq.

Üçüncü, orta sahibkarların problemlərini həll etmək.

Dördüncü, iri sahibkarlara nəzarət etmək.

Bu dörd prinsip nə qədər düzgün və ardıcıl şəkildə icra olunarsa, sahibkarlıq da bir o qədər uğurla inkişaf edər” – deyə E.Əmirov əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью