Şahin Bayramovdan yeni təyinat

24.06.2026

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Qarabağ Universitetinin Təbiət elmləri fakültəsinin proqram rəhbəri vəzifəsinə yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ali məktəbin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifəyə Dilqəm İlham oğlu Əhmədli gətirilib.

Qeyd edək ki, Dilqəm Əhmədli orta məktəb illərində təbiət elmləri və kimya üzrə beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edib. O, 2012-ci ildə Beynəlxalq Yeniyetmələr Elm Olimpiadasında, 2014 və 2015-ci illərdə isə Beynəlxalq Kimya Olimpiadası və Mendeleyev Kimya Olimpiadasında iştirak edib. Bakalavriat təhsilini Türkiyənin Bilkent Universitetində Kimya ixtisası üzrə alıb və həmin proqramı 3,5 il müddətində fərqlənmə diplomu ilə bitirib. Daha sonra Bilkent Universitetində Kimya ixtisası üzrə magistratura təhsilini davam etdirib.

2022–2026-cı illərdə doktorantura təhsilini Almaniyanın Max-Planck tədqiqat institutunda alıb. Dilqəm Əhmədli 7 ildən çox elmi-tədqiqat təcrübəsinə malikdir və beynəlxalq nüfuzlu elmi jurnallarda dərc olunmuş çoxsaylı məqalələrin müəllifidir. Onun elmi işləri Journal of the American Chemical Society, Nature Catalysis, Journal of Organic Chemistry və digər beynəlxalq jurnallarda nəşr olunub. O, həmçinin Novartis Graduate Colloquium, Syngenta Collaborative Research Conference, Anatolian Conference on Organic Chemistry kimi beynəlxalq elmi tədbirlərdə çıxış edib.

Elmi fəaliyyəti ilə yanaşı, Dilqəm Əhmədli tədris sahəsində də təcrübəyə malikdir. O, Bilkent Universitetinin Kimya Departamentində ümumi kimya, üzvi kimya, analitik kimya və fiziki kimya fənlərinin tədrisi üzrə çalışıb, həmçinin TÜBİTAK tərəfindən təşkil edilən milli və beynəlxalq kimya olimpiadalarına hazırlıq düşərgələrində mühazirəçi və akademik bələdçi kimi fəaliyyət göstərib. Əsas tədqiqat istiqamətləri üzvi sintez, funksional materiallar, elektrokimya, həmçinin xərçəng xəstəliyinin diaqnostikası və müalicəsi üçün biokimyəvi metodların inkişafı ilə bağlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью