Şahmatçılarımız Vətənə qayıdıb

14.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8–18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vuran Azərbaycan təmsilçiləri Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qitə birinciliyindən 1 qızıl, 1 gümüş və 1 bürünc medalla dönən şahmatçılarımızın qarşılanma mərasimi keçirilib. 42 ölkə arasında ümumi medal hesabında 3–5-ci yerləri bölüşdürən millimizi hava limanında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, idmançıların valideynləri və media mənsubları qarşılayıblar.

Xatırladaq ki, yarışı maksimal nəticə ilə başa vuran Nərmin Abdinova (18 yaşadək qızlar) 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub edərək 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb. 
18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb və qitə çempionatının gümüş medalını qazanıb.

8 yaşlı qızların mübarizəsində isə Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və ölkəmizə bürünc medal qazandırıb.

Qabil YUSİFOĞLU
 XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью