Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Qarabağ” əvvəlki illərdə olduğu kimi “Neftçi” ilə matçda öz gücünü yenə meydanda göstərəcək”.
Bunu Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
O, Misli Premyer Liqasının XXI turunda qarşılaşacaqları “Neftçi”yə qarşı oyunla bağlı danışıb. Qolkiper UEFA Çempionlar Liqasında “Nyukasl”la (İngiltərə) görüşlər ərəfəsində “Neftçi” ilə qarşılaşmanın təxirə salınmamasına münasibət bildirib.
“Hər şey yaxşıya doğru gedir, İnşallah, həmin görüşdə lazım olan nəticəni meydanda qazanacağıq. Necə ki, son illər bunu etməyi bacarırıq. Düzdür, “Nyukasl”la qarşılaşma ərəfəsində çətinlik yarana bilər. Lakin unutmayaq ki, çətinliklər həmişə insanı maksimum işləməyə vadar edir. İnşallah, hər şey yaxşı olacaq. Bu gün bu yerlərə gəlib çatmağımızın səbəbi Allahın istəyi olub. Allah bizə qalib gəlmək üçün güc verib. Ona görə də, bu cür kiçik nüanslara görə narahat olmağa dəyməz”, - deyə o, “Report”a açıqlamasında bildirib.
31 yaşlı qolkiper zədəsinin yavaş-yavaş sağaldığını söyləyib:
“Müalicəm öz axarı ilə davam edir. Müəyyən məşqlər edirəm, lakin hələ öz üzərimdə çox işləməliyəm. Meydana qayıdacağım müddət həkimlərin rəyindən sonra müəyyənləşəcək. Martda məşqlərə başlamağı planlaşdırırıq”.
Ş.Məhəmmədəliyev fevralın 18-də Çempionlar Liqasının pley-offunda “Nyukasl”a qarşı keçirəcəkləri matçdan danışıb:
“Bu oyuna hələ vaxt var. Komandada əhval-ruhiyyə yüksəkdir. Lakin tam olaraq fikrimizi ölkə çempionatının və kubokunun oyunlarına yönəltmişik”.
Xatıradaq ki, Şahruddin Məhəmmədəliyev ötən il noyabrın 16-da, Azərbaycan millisinin heyətində Fransaya qarşı matçda zədələnib.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-offunda “Nyukasl”la matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. Komanda İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi” ilə oyunun təxirə salınmasını istəsə də, Bakı klubu bu təkliflə razılaşmayıb.