Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyada məşhurların adından istifadə edərək qurulan şou-biznes və “ruhani xidmətlər” bazarı indi rəqəmsal platformalara daşınıb. Bir zamanlar şahzadə Diananın və Hollivud ulduzlarının şəxsi ekstrasensi kimi təqdim olunan şəxs bu gün mistikanı kommersiya alətinə çevirərək OnlyFans üzərindən satışa çıxarır.
Musavat.com xəbər verir ki, şahzadə Diananın, Uma Turmanın və Robert de Nironun keçmiş şəxsi ekstrasensi olan 74 yaşlı Diana Salli OnlyFans platformasında hesab açıb. O, bir il ərzində platformada 100 milyon dollar qazanan Sofi Reyn nümunəsindən ilhamlanaraq, “dövrün tələbinə uyğun” şəkildə mistik xidmətlərini onlayn şəkildə satmağa qərar verib.
Məlumata görə, Salli simvolik ödəniş qarşılığında müştərilərin müraciətlərini qəbul edir, onların istəklərini “emal etdiyini”, lazım olan tərəflərlə əlaqə saxladığını iddia edir, məlumatları toplayır və konkret müştəri üçün xüsusi video-müraciət hazırlayır.
Onun fəaliyyəti təkcə mediumnluqla məhdudlaşmır. Platformada eyni zamanda seks-terapiya məzmunu da təqdim olunur. Bu formatda Salli intim münasibətlər, ailədaxili problemlər və şəxsi həyatla bağlı məsləhətlər verir. Başqa sözlə, mistika ilə erotik kontentin sintezi yeni kommersiya modelinə çevrilib.
Diana Salli OnlyFans-a keçmək qərarını bir neçə səbəblə əsaslandırır. Bildirir ki, Meta və TikTok kimi platformalarda – ümumilikdə sosial şəbəkələrdə bir milyondan artıq izləyicisi olmasına baxmayaraq – fəaliyyətini monetizasiya etmək mümkün deyil.