Şair Əjdər Olun şeirləri ilə poetik dərdləşmə

23.01.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gülnarə CƏMALƏDDİN

Payızın narıncı-sarı rənginə bürünmüş dünyada şairlər hamısı darıxır. Çünki bu dünya onlar üçün qürbətdi. Qəriblik alın yazısıdı bütün şairlərin. Taleləri də qəribədir. Heç kəs bu fanidə taleyinə güvənməsin. Necə ki, payız rüzgarları saralmış yarpaqları qabağına qatıb aparır, eləcə də tale adamı hara desən, elə payız yarpağı kimi rəngdən rəngə salaraq aparır. Ya özündən uzaqlara, ya da kim bilir... Havada uçuşan qərib yarpaqlara baxa- baxa bilmirəm niyə, elə qəribə taleyin yiyəsi, Azərbaycanı canından artıq sevən Şair Əjdər Olu xatırladım. İçində, ruhunda bu boyda sevgi ola-ola taleyin səninlə oynadığı oyuna bax!!! Kitabları masamın üstündə, bir kitabı isə əlimdə - "Günəbaxan zəmisi". Van Qoqun "Günəbaxanlar"ı gəldi ağlıma, sarı rəngin harmoniyası... Axı sarı həm kədərin, həm də işığın rəngidi. Şeirlərini oxuduqca ruhum darıxdı, amma özü demişkən hələ qabaqda gözəl günlər var... Elə bu məqamda, bu payız ovqatıyla da şeirləriylə poetik bir söhbət eləmək, xəyali dərdləşmək keçdi içimdən...

Salam, Əjdər müəllim.

- Salamdan gözəli nə var?

Hamıya vermək olur,

Hamıdan almaq olur.

Kefiniz necədir?

- Bu dünya hamının xətrinə dəyib,

Qara ağı sevməz, ağ bulaşmağı.

Halını soranda "Yaxşıyam" deyib

Hər adam bacarmaz yaxşılaşmağı.

Alfred Adlerin təbirincə desək, "Şairlər yalan danışır. Amma onların yalanı xoşagələndir". Şairlərin al-əlvan yalanları olmasaydı, dünya necə də bomboz görünərdi. Şeirləri şairlərin kimliyidir və onları ələ verən də elə şeirləridir. Kimdir Əjdər Ol?

- Hansı gələn qaldı qalam, mən kiməm?

Çox şişirtmə, əziz balam, mən kiməm?

Geci-tezi çəkəcəklər məhşərə,

Canlı-cansız bir sualam, mən kiməm?

Gördüm, duydum, yazdım, sevdim, çalışdım,

Uzaq başı Əjdər Olam, mən kiməm?

Əjdər müəllim, elə sizin yazılarınızdan bilirəm, həyatınız heç də rəvan olmayıb. Enişli-yoxuşlu, girişli-çıxışlı, mərtəbə-mərtəbə, əzabla dolu. Bəlkə elə buna görə taleyiniz sizi şair eləyib, ya da belə deyəsi olsaq, Əzab gözəldimi, yoxsa çəkən gözəl çəkir?

- Əzabı mən elə gözəl çəkirəm,

çəkdiyim əzabdan heç kəs usanmır.

Özüm öz başıma sığal çəkirəm

Məndən söz düşəndə söhbət uzanmır.

Dərd məndən əlini büsbütün çəkib,

Dərdi sonalayıb, qəmi seçirəm.

Əzabın altından bir tütün çəkib,

Üstündən şipşirin su da içirəm.

Şair uşaqdır - o, dünyanın ən gözəl təbəssümüylə, göz yaşları içərisində təbəssümlə gülür (Lev Karsavin). Göz yaşını içində gizlədib təbəssümlə gülümsəyən o uşaq kim idi?

- Çiçəkləri yeddi rəngə mən boyadım, bilmədiniz,

Bilmədiniz nədir adım və soyadım, bilmədiniz.

Yadımdadır, göydə mələk körpələrə bəxt yazardı,

Nə qədər ki, orda idim, nə çaşırdı, nə azırdı.

Sığışmırdım yerə-göyə, nə toz-duman, nə qar-şaxta,

Uçub gəldim uzaqlardan, qonub düşdüm sizin vaxta.

"İnsan ancaq öz Məni ilə həmahəng mühitdə xoşbəxt ola bilər. Xoşbəxtliyə də azadlıq vermək lazımdır, - deyir Əbu Turxan. Xoşbəxtlik daimidirmi? Xoşbəxtliyi arada xoşbəxt edə bilirsiz?

- Xoşbəxt günlərim olub,

Anlarım olub,

Xoşbəxtliyi üzümdən

Oxuyanlarım olub.

Xoşbəxtlik qəfildən gəlir

Qəfildən gedir

Hər nədisə, tez əldən gedir.

Ən ağır yük sirdir. Xoş o yükü daşıya bilənə (Jan de Lafonten). Sirriniz və yaxud sirrinizi etibar elədiyiniz sirdaşınız varmı?

Sizin aranızdan bəlkə də qaçdım,

Şərik yox dərdini bölən adama.

Bəlkə də dözməyib sirrimi açdım,

Özgə planetdən gələn adama.

Ölüm bizə həyatı və var olduğumuzu başa salan fəlsəfi anlayışdır. Ölüm də çox adiləşdi, ucuzlaşdı elə bil... Ölümlərin ucuz vaxtı ölmək istəmir heç kim. Amma...

- Ölüb getdi atam-anam

Ölümlərin ucuz vaxtı.

Yerin-göyün bizə yağı,

Yağıların quduz vaxtı.

Ömrün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər. Düzmü deyir Nəcib Fazil? Ömür nədir, Əjdər müəllim?

- Ağrılara, əzablara darılma,

Öz işindən bərk-bərk yapış, yorulma,

Çalış ölmə, çalış itmə, vurulma,

Canım-gözüm, ömür elə budur, bu!

Tale, qismət deyirdin ha, odur bu!

Vətən sevdası ayrı imandı, alayı dindi. Bu dinə biət edənlərin gecəsi-gündüzü olmur. Vətəni elə sevmək zülmdü? Nə deyirsiz? Nədi Vətən sevdası?

- Kim aramır ötənini,

Ölənini, itənini?!

Hamı sevir vətənini,

Mənim sevgim bambaşqadı.

Həyat tapmacadı. Qarşıda səni hansı sürprizlə qarşılaşdıracağını bilmədiyin. Barışdız, yoxsa sevdiz?

Altdan altdan gizlicə sevdim həyatı, sevdim,

Daşıdığım qart adı, nimdaş soyadı sevdim.

Poeziya söhbətdir. Artıq üzbəüz danışmaq çox gec olan insanlarla söhbətdir (Dennis Odriskoll). Möhkəm dost olduğunuz gözəl şair Sabir Sarvanla bir şeirlik söhbətiniz var. Darıxırsınızmı uzaqlarda qalan dostlar üçün?

- Arın-arxayınam könül sarıdan,

Daha nə çək-çevir, nə elə, belə...

Ömür basməmmədi keçdi yarıdan,

Mən elə beləyəm, mən elə belə...

Dostunuz Sabir Sarvanın sizin iki şeirinizdən daha çox xoşu gəldiyini bilirdim. Birini ölümqabağı, xəstəxanada tez-tez deyirdi. Bəlkə ürəyinə nəsə dammışdı? Axı şairlər həssas olurlar...

- Mən gedərgəlməzdən qayıda bilsəm,

Dur çıx yol üstünə, gedən gələr də...

Mən gedərgəlməzdən dönməyib ölsəm,

Üzülmə, birdənəm, adam ölər də.

Onlar yer üzünə elə-belə gəlməyiblər. Ona görə də başlarına gələnləri Allahdan bildikləri üçün sevə-sevə qəbul edirlər. Onların ruhani azadlığı onları o böyük darıxmaqdan xilas edir... Azadlığın, istiqlalın rəngi bir başqadı şairlərin dilində? İstiqlal nə rəngdədir?

- Ey salam tək hamıya söylədiyim istiqlal!

Rəngini yaxşı ayırd eylədiyim, istiqlal!

O böyük gün gələcək. Mütləq gələcək... Qalibiyyət günü qarşıdadırmı?

Əjdər Ol, qarşıda yol, bir balaca çən görürəm,

Özümü şölə saçan istəyimə tən görürəm,

Qalibiyyət günümüz qarşıdadır, mən görürəm,

Sevgilim tək qoluna girdim, Azərbaycanım!

Ölmədən ağ gününü gördüm, Azərbaycanım!

Anton Çexov: "Necə də gözəl gündür! Çaymı dəmləyim, özümümü asım, qərar verə bilmirəm". Deyəsən, yuxunuz gəlir?

- Çağırsaydın, qaranəfəs gələrdim,

Ayaqlarım pişik kimi büzüşmüş.

Sağ olsaydı anam,

Elə bilərdim,

İsti əli saçlarımda gəzişmiş.

Yuxum gəlir...           

Qış da gəldi, bəs hanı qış yuxusu,

Nə deyirlər xeyirimdən-şərimdən?!

İndi mənim yuxum da qış yuxusu,

Bir çırtma çal, dik atılım yerimdən.

Yuxum gəlir...

"Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım" - bunu Arximed deyirdi. Bəs sizin dayaq nöqtəniz?

- Mən heç vaxt qapını çırpıb getmədim,

Özümlə bacara bildim həmişə.

Təşəxxüs satmadım, təhər etmədim,

Böhtandanışmışa, yalandemişə.

Zor nə meylimdədir, nə gücümdədir,

Həyatla başbaşa, qolboyun oldum.

Mənim dayaq nöqtəm öz içimdədir,

Hər zaman könlümdən arxayın oldum.

İnsan çətin anlarında saman çöpündən yapışır. Sizin saman çöpünüz misralarınızdır. Biz də o saman çöpünə ümid bəsləyirik nədənsə... Sizcə, saman çöpünə ümid etmək olar?

- Vəssalam, tikildi şeytana papış

Misram saman çöpü... Ondan bərk yapış.

Hərdən salamlayırmı sizi canınızdan çox sevdiyiniz Vətən Xəzri dilində, Giləvar dilində? Bakı küləyi üçün darıxırsız?

- Bir adın Xəzridir, biri Gilavar,

Gəmiyə yelkənsən, qayığa avar,

Arxamsan, Bakıdan səni kim qovar,

Qoşunlu, alaylı Bakı küləyi!

İnsan həmişə bütün görə bilmədiyi, alayarımçıq işləri vaxtın üstünə atır. Vaxt həmişə ya uçur, ya da ləngiyir. Siz nə deyirsiz, vaxt  gedir?

- Payız soldu... qışı qəfil şaxta vurdu,

Qaranquşlar uçub gəldi yuva qurdu.

indi də yaz baş qaldırır puçur-puçur,

Vaxt getmir ki... Vaxt ya qaçır, ya da uçur.

Hə, gəldik söhbətimizin son məqamına. Sonda ayrılıq var, sonda həsrət var, sonda darıxmaq var, sonda bir ev var, gözləmək var, sonda gələcəyə ümid var, işıq var. Var, var, var... Yollarınız işıqlı, ümidli olsun. Biz də yeni şeir və romanlarınızı ümidlə gözləyirik. Hələlik, sağ olun, Əjdər müəllim!

- "Sağ ol" dan gözəl nə var?

Bəzən bircə "sağ ol" dan

tamam sağalmaq olur.

Üzü işığa və üzü evə sarı... Bulud yavaş-yavaş çəkilir. Əlçatanda bir ev görünür. İşıq yaxınlşır...

...Tutulub göy üzü,

Payızdır, gün gödək.

Görmürəm öy üzü,

Evimizə gedək!

lll

... Yandır tutqun üzünün

sönmüş işıqlarını

Ürəkləndir həm bizi,

həm də uşaqlarını...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью