Şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimatı olub

19.11.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış neftçi-alim, mühəndis, ictimai xadim və şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli neft mövzusunun Azərbaycan ədəbiyyatında və incəsənətində tutduğu xüsusi yerdən, neftçilərin fədakar əməyinin bədii sözə gətirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, neft Azərbaycan tarixinin, iqtisadiyyatının və ictimai həyatının mühüm amillərindən biri olmaqla yanaşı, milli ədəbiyyatımızda özünəməxsus mövzuya çevrilib.

AMEA rəhbəri qeyd edib ki, Nazim Aslanın yaradıcılığında insan, Vətən, sevgi və həyat kimi ümumbəşəri mövzuların özünəməxsus poetik ifadəsi şairin sənət dünyasının zənginliyini müəyyənləşdirir. Onun həyat yolu Azərbaycan neft sənayesinin inkişafı ilə sıx bağlıdır. Uzun illər ərzində neft sənayesində çalışması, elmi fəaliyyətlə məşğul olması və bu sahədə qazandığı nailiyyətlər onun peşəkar mühəndis kimi nüfuzunu təsdiqləyir. Bununla yanaşı, həssas poetik düşüncəyə malik olması şairin şəxsiyyətinin digər mühüm tərəfini üzə çıxarır.

Akademik İsa Həbibbəyli çıxışında Nazim Aslanın Azərbaycan neft sənayesinin inkişafına verdiyi töhfələri, beynəlxalq elmi əlaqələri və müxtəlif mükafatlara layiq görülməsini şairin peşəkar fəaliyyətinin əhəmiyyətini göstərən amillər kimi dəyərləndirib. O, Nazim Aslanın “Bir sevginin taleyi” kitabının oxucular tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

Sonra Nazim Aslanın “Yeddi qapı” poeması əsasında fonepoetik kompozisiya təqdim olunub. Daha sonra AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri “Nazim Aslan: ömrün poeziyası və ya poeziyanın ömrü” adlı məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Poeziya şöbəsinin rəhbəri, Əli Kərim adına Sumqayıt poeziya evinin direktoru İbrahim İlyaslı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Mətanət Abbasova, AYB-nin üzvü, şair-publisist, araşdırmaçı Mikayıl Bozal, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov, Azərbaycan Aşıqlar Birliyinin üzvü Eldar Ələsgəroğlu (Tağıyev), AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Aytən Əliyeva çıxış ediblər. Çıxışlarda Nazim Aslanın çoxşaxəli fəaliyyətindən, neft sənayesinin inkişafına verdiyi töhfələrdən və elmi nailiyyətlərindən bəhs olunub. Bildirilib ki, “Bir sevginin taleyi” kitabı müəllifin poetik düşüncələrinin, zəngin mənəvi dünyasının və həyata həssas münasibətinin ifadəsi olmaqla oxucuları duyğular, xatirələr və düşüncələr aləminə aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью