Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Bakı Kitab Mərkəzində şair Rüstəm Behrudinin “Sənin gözlədiyin qərib türk mənəm” adlı kitabının təqdimatı keçirilib.
Bakupost.az xəbər verir ki, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərini, mətbuat nümayəndələrini, oxucuları və şairin yaradıcılığının pərəstişkarlarını bir araya gətirən təqdimat mərasimi böyük maraqla qarşılanıb. Tədbirdə Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Dillər Universitetinin rektoru Kəmal Abdulla, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, eləcə də digər tanınmış çıxışçılar və xarici qonaqlar kitab haqqında fikirlərini bölüşüb, Rüstəm Behrudinin poeziyasının xüsusiyyətlərindən söz açıblar.
Təqdimatın bədii hissəsi də xüsusi ovqat yaradıb. Xalq artisti Alim Qasımovun və tanınmış sənətçi, əslən Güney Azərbaycandan olan Araz Elsəsin ifaları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Təqdimatda müəllifin yeni kitabında yer alan şeirlərdən nümunələr səsləndirildi, poeziya ətrafında müzakirələr aparıldı. Sonra şair Rüstəm Behrudi kitabın yaranma prosesi və şeirlərindəki əsas mövzular barədə danışıb. Tədbirin sonunda şair qonaqlar üçün kitabını imzalayıb.
Qeyd edək ki, bu kitab şairin Azərbaycanda çap olunan sayca 28-ci kitabıdır. Xatırladaq ki, bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rüstəm Behrudinin şeirlərini səsləndirməsi gündəm olmuşdu. Sözügedən şeir həm Azərbaycan, həm də Türkiyə mətbuatında maraqla qarşılanıb