Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Tanınmış şərqşünas, şair-tərcüməçi Hafiz Rüstəmin 75 illik yubileyi “Söz bayramı” adlı ədəbi mərasimdə qeyd edilib. Qanun Nəşrlər Evində keçirilən məclisdə müəllifin “Nə çoxmuş qaranlıq, nə azmış işıq” adlı lirik şeirlər toplusu, “Bad-i saba” (XX əsr fars poeziyası antologiyası) və “Hafiz Şirazinin qəzəlləri” (“Klassiklər” seriyasından bədii tərcümələr) kitabları oxuculara təqdim olunub.
Yubiley mərasimini giriş sözü ilə açan Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu yubilyarın klassik Şərq poeziyasının Azərbaycan oxucusuna çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin deputatı Fəzail İbrahimli, BSU-nun professoru Telman Vəlixanlı, fililogiya elmləri doktoru Vaqif Yusifli, ədəbiyyatşünas Əkrəm Bağırov, şərqşünas Zəki Bayram, qocaman pedaqoq Aydın Əbilov, AYB poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı, şair Ağacəfər Həsənli və başqaları çıxış edərək yubilyarın yaradıcılığı və tərcümə fəaliyyətinə dair fikirlərini bölüşüblər.
Çıxışlarda Hafiz Rüstəmin poeziyasında zaman və insan mövzularının aparıcı xətt təşkil etdiyi, onun tərcümələrinin isə klassik Şərq poeziyasının ruhunu qorumaq baxımından xüsusi seçildiyi bildirilib. Təqdim edilən nəşrlərin Hafiz Rüstəmin həm orijinal poeziyada, həm də klassik Şərq ədəbiyyatının Azərbaycan dilinə çevrilməsində istedad və zəhmətini əks etdirdiyi diqqətə çatdırılıb.
Sonda Hafiz Rüstəm yeni nəşr olunmuş kitablarını və digər əsərlərini tədbir iştirakçıları üçün imzalayıb.
Ə.DOSTƏLİ
XQ