Şairlər yurdunun şeir günü

09.06.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Yazıçılar Birliyinin qərarı ilə Mikayıl Müşfiqin doğum günü şeir bayramı elan edilib. Düz 16 ildir ki, nakam şairin doğum günündə duyğu və düşüncələrimizi şeirə, poetik sözə kökləyirik.

Sözün duyğuya, duyğunun isə misraya çevrildiyi Şairlər Günündə Azərbaycana müxtəlif ölkələrdən qələm adamları qonaq gəlirlər. Poetik məclislər keçirilir, nakam şairimizin rəmzi məzarı olan Xəzər dənizinə qırmızı qərənfillər səpilərək xatirəsi yad edilir.

Ümumiyyətlə, Azərbaycan milli ədəbiyyatı hər zaman işıqlı şair obrazları ilə zəngin olub. Şəms Təbrizi, İzzəddin Həsənoğlu, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimidən üzü bu yana klassiklərimiz əsrlərin yaddaşına həkk olunmuş söz sənətkarlarıdır. Onların davamçıları da milli-mənəvi yaddaşın qoruyucuları kimi tarix yaradıblar. Mikayıl Müşfiq kimi.

Bu il daha çox poeziya ilə nəfəs alırıq, desək, yanılmarıq. Xaqani Şirvaninin 900, Nizami Gəncəvinin 885, Aşıq Ələsgərin 205, Səməd Vurğunun və Süleyman Rüstəmin 120, Qabil və Mədinə Gülgünün 100 illiyi ilə bağlı mərasimlər keçirilir.

Əslində, xalqımızın həyatının, demək olar, bütün günləri poeziyaya sıx bağlıdır. Elə bu yaxınlarda bir neçə gün ərzində AMEA-nın əsas binasının önündəki Elmlər parkında təmtəraqla keçirilmiş VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təəssüratları hələ də təzə-tərdir. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Yunis Əmrə günləri bir-birindən maraqlı təşkil edilmişdi. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin iştirakı ilə festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileyləri də qeyd edildi.

Şairlər Günü ilə bağlı məclislər xüsusilə yaddaqalan oldu. Yazıçılar Birliyinin Natəvan klubunda məxsusi toplantı keçirildi. AYB sədri, Xalq yazıçısı Anar, 1-ci katib, Xalq yazıçısı Çingiz Abdullayev, sədr müavini, şair Rəşad Məcid, yazıçı Seyran Səxavət, Türkiyənin tanınmış bəstəçisi, şair Esat Kabaklı, tənqidçi Əsəd Cahangir, şair Xəyal Rza poeziyanın cəmiyyət həyatımızdakı yerindən, söz sənətinin mənəvi dünyamızdakı rolundan bəhs etdilər. Həmin gün həm də Xalq şairi Vaqif Səmədoğlunun doğum günü olduğu üçün xatirəsi hörmətlə anıldı. Şairlər Günündə bir araya gələn söz adamları öz yaradıcılıqlarından nümunələr təqdim etdilər. Poeziyanını gücü və gözəlliyi bir daha nümayiş olundu. Sonra VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında fərqlənənlərə sertifikatlar, fəxri fərmanlar verildi.

Ardınca Sahil metrosu istiqamətində Xəzərə gülsəpmə mərasimi oldu. Şairlər dənizin sahilinə yollanaraq, əllərində çiçək dəstələri, dillərində Müşfiqin misraları dalğalara üz tutdular:

Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində.
Sular xırçın olaydı,
İlhamımın yelkəni zərrin saçın olaydı.

Xəzərin qoynuna atılan qərənfillər güllərə deyil, güllələrə tuş gəlmiş Müşfiqlə bərabər, taleyi yarımçıq qalan bütün Azərbaycan yazarlarının xatirəsinə sonsuz ehtiramın ifadəsi oldu.

Həmin gün Bakıda Müşfiqin abidəsi önündə, doğma yurdu Xızıda, digər şəhər və rayonlarda da Şairlər Günü qeyd edildi. Axşam isə Heydər Əliyev Sarayında Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Xalq yazıçısı Anar onun əbədiyaşar poeziyasını layiqincə dəyərləndirdi. İncəsənət ustaları şairin şeir və poemalarından parçalar səsləndirdilər, sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.

Sumqayıtlı yazarlar da Şairlər Günündə bulvarın “Damba” adlanan ərazisində dənizə güllər atıb şeirlər oxudular. Sumqayıt Gənclər Evi və S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Müşfiqin həyat və yaradıcılığına həsr olunan gecə də hər kəsi şairin həmişəbahar dünyasına qovuşdurdu.

Təəssüf ki, həmin gün ürəyi daim gənclik eşqi ilə döyünən şair, Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəlli 88 yaşında dünyasını dəyişdi. Şəhər rəhbərliyinin təşəbbüsü ilə Poeziya Evində onunla vida mərasimi keçirildi, öz səsi ilə lentə alınmış şeirləri təqdim olundu, xatirələr dilə gəldi və sonda şair dəniz dalğalarını xatırladan alqış sədaları ilə haqq dünyasına yola salındı...

Bəli, şairlər əbədiyyətə qovuşurlar, onların yazdıqları isə oxucuların yaddaşında və dilində yaşayır. Şairlər Günündə bunun bir daha şahidi olduq.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью