Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri 7 ildir mənzillərinə çıxarış ala bilmədiklərini deyirlər.
Yeniavaz.com-a müraciət edən kompleksin bir qrup sakininin sözlərinə görə, 2017-ci ildən tikilməyə başlamış və fors major hallar nəzərə alınmaqla 6 iyun 2018-ci ildə tam təhvil verilməli olan bina 7 il keçməsinə baxmayaraq hələ də hazır deyil.
“Binamızda ehtiyat pilləkənlərin məhəccərləri qoyulmayıb, siqnalizasiya quraşdırılmayıb, mərtəbələr yanğın şitləri ilə təchiz olunmayıb, liftlərə ehtiyat cərəyan kabeli birləşdirilməyib, liftlərlə texniki xidmət müqaviləsi bağlanmayıb.
Bir sözlə, heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmayan binada məcburi yaşayırıq”, - sakinlər bildirirlər.
İddia olunur ki, “İnteks” MMC-yə məxsus olan yaşayış kompleksinin satış zamanı müştərilərə təqdim etdiyi ərazilər də başqa quruma aid olub: “Satış zamanı göstərdikləri ərazi də şirkətin deyilmiş.
Satış zamanı bizə futbol meydançası, fontan, istirahət güşəsi, qaçış zolağı, uşaqlar üçün uşaq meydançası vəd olunmasına baxmayaraq, ərazi şirkətə məxsus olmadığından oturacaq qoymağa belə yer yoxdur.
7 ildir ki, mənzillərimizə çıxarış ala bilmirik. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – red.) da duracaq nişanlarını basdırıb.