Salahın meneceri transferi yubadır

23.07.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Beşiktaş” camiəsində ötən həftənin sonlarından bəri hər kəsin qulağı Məhəmməd Salahdan gələn xəbərlərə yönəlib. Çünki İstanbul nəhəngi həqiqətən də bu hay-küylü transferi bitirməyə çox yaxındı. “Qartal” “Liverpul”dan ayrılaraq sərbəst statusda olan misirli ulduzun özü ilə çoxdan anlaşıb. Bunu başqan Sərdal Adalı da təsdiqləyib.

Salah Türkiyəyə gəlib çıxa bilsə, 2 milyon avrosu bonuslarla olmaqla illik 12 milyon avro qazanacaq. Amma məsələ burasındadı ki, ünlü futbolçunun meneceri Rami Abbas işləri qəlizləşdirir. O, ilkin şərtləri dəyişərək “ağ-qaralar”dan əlavə komissiya haqqı tələb edir. Türkiyə mətbuatının yazdığına inansaq, söhbət 5-6 milyon avrodan gedir. “Beşiktaş” rəhbərliyi isə bu qədər komissiya haqqı ödəmək istəmir. Bununla belə, rəhbərlik ümidini itirmir. 34 yaşlı futbolçu və onun təmsilçisi ilə yeni bir görüş keçiriləcək. Salahdan da bu məsələyə müdaxilə edilməsi tələb olunacaq. Təcrübəli oyunçu özü də Türkiyədə oynamaqda maraqlıdı. Çünki onun həyat yoldaşı məhz Tükriyədə yaşamaq arzusundadı. Məhz bu üzdən Salah digər ölkələrdən gələn astronomik məbləğləri geri çevirərək “Beşiktaş”la danışıqlar aparır. Halbuki Səudiyyə Ərəbistan nəhəngləri ona illik ən azı 20 milyon avro maaş verməyə hazırdı. İstənilən halda bu məsələnin bu həftənin sonuna qədər həllini tapacağı gözlənilir.
“Beşiktaş”la bağlı digər transfer xəbərlərini də diqqətinizə çatdıraq. Tayyip Talha Sanuç “ağ-qaralar”dan ayrılaraq “Çaykur Riəzspor”la ikiillik müqavilə imzalayıb. 26 yaşlı futbolçu 2022-dən “Beşiktaş”a məxsus olsa da, ötən mövsümü icarə əsasında “Qaziantep”də keçirmişdi. Bundan başqa, Feliks Uduoxai ilə Uilfrid Ndidi də komandanı tərk edə bilər. “Şalke-04” Uduoxaini birilliyə icarəyə götürmək istəyir və artıq rəsmi təklif irəli sürüb. Ndidini isə premyer-liqanın debütantı “Hall Siti” “oğurlamaq” istəyir. Acun Ilıcalı özü şəxsən danışıqlarda iştirak edir. İlk təklifi geri çevrildikdən sonra türkiyəli iş adamı ikinci dəfə “Beşiktaş”ın qapısını döyməyə hazırlaşır. “Qartal”ın həmin mövqeyə Salih Özcanı transfer etdiyini nəzərə alsaq, Ndidinin satışına icazə veriləcəyi istisna olunmur.
Bundan başqa, baş məşqçi Vinçentso İtalyano yeni mövsüm üçün Elan Rikardo, Əmrəcan Uzunhan, Jan Onana, Əl-Musrati, Joao Mario və Can Keleşə ehtiyac duymadığını rəhbərliyə bildirib. Bu futbolçuların hər biri onsuz da ötən mövsümü başqa klublarda icarədə keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью