Salyanda narkotik vasitələrdən istifadənin zərərləri barədə danışılıb

21.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 sentyabr, AZƏRTAC

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası istiqamətində narkomanlığın xüsusilə geniş yayıldığı rayon və şəhərlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Salyan rayonunda maarifləndirici tədbir təşkil olunub.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Salyan rayon təhsil sektorunun və Gənclər idman idarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, müəllimlər, psixoloqlar, sinif rəhbərləri və valideynlər iştirak ediblər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomanlığın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью