Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Bizim üçün doğma azarkeşlərimizin önündə "Araz-Naxçıvan"a qalib gəlmək çox vacib idi. Qarşılaşmaya qələbə qazanmaq məqsədi ilə çıxmışdıq və istəyimizə çatdığımız üçün çox sevincliyəm".
Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın qapıçısı Rikardo Fernandes deyib.
31 yaşlı qolkiper bölgə təmsilçisinin Misli Premyer Liqasının 6-cı turunda doğma meydan "Araz-Naxçıvan"a qalib gəldiyi oyun barədə fikirlərini bölüşüb:
"Xüsusilə azarkeşlərimizin qarşısında oynamaq və onların dəstəyini hiss etmək bizə əlavə motivasiya verdi. Matç ərzində bir neçə kritik seyvlər etdim və komandaya kömək edə bildiyim üçün şadam. Həmin seyvlər mənim işimin bir hissəsidir. Əsas olan komandanın qələbə qazanması və üç xal əldə etməsidir. Mənim üçün ən vacib məsələ "Şamaxı"ya mümkün qədər çox kömək etməkdir. Komanda olaraq hər oyunda daha yaxşı futbol göstərməyə, səhvlərimizi azaltmağa və inkişaf etməyə çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda da daha yaxşı nəticələr əldə edə bilərik. Bunun üçün məşqlərdə daha çox çalışmalı və baş məşqçinin tapşırıqlarını meydanda düzgün yerinə yetirməliyik. Qarşıda milli fasilə var. Bu fasilə bizim üçün müəyyən mənada hazırlıq və çatışmazlıqlar üzərində işləmək baxımından faydalı olacaq. Hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşmışıq. Amma açığı, turnir cədvəlinə çox baxmırıq. Mövsüm hələ davam edir və qarşıda kifayət qədər oyun var. İndi əsas məqsədimiz hər matça ayrıca hazırlaşmaq, maksimum nəticə qazanmaq və komandamızın oyununu daha da inkişaf etdirməkdir. Mövsümün sonunda turnir cədvəlinə baxıb çempionatı hansı pillədə başa vurduğumuzu görəcəyik. İndidən hansısa mövqe haqqında danışmaq istəmirik".
Qeyd edək ki, "Şamaxı" - "Araz-Naxçıvan" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.