Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Artıq son iki-üç ildir ki, çempionluq uğrunda çox gərgin mübarizə gedir. Məsələn, bir neçə il bundan əvvəl “Qarabağ” aşkar favorit idisə, ötən il “Sabah” onların hegemonluğuna son qoydu”.
Bu sözləri Azərbaycan milli komandasının sabiq hücumçusu, məşqçi Samir Əliyev Misli Premyer Liqasının doqquzuncu turunda keçiriləcək “Sabah” - “Qarabağ” qarşılaşmasını dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis çempionatdakı rəqabət mühitinə, hər iki komandanın mövcud durumuna diqqət çəkərək matçla bağlı gözləntilərini bölüşüb.
“Bu mövsümdən isə çempionluq uğrunda mübarizəyə “Neftçi” də qoşuldu. Artıq bu il üç komanda çempionluq uğrunda mübarizə aparır. Qarşıda isə bizi maraqlı bir derbi gözləyir. Fikrimcə, bu, hər iki komandanın azarkeşlərinin maraqla gözlədiyi bir oyundur. Düzdür, 'Sabah' hazırda ən komplektləşmiş, çox yaxşı formada olan və Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edən komandadır.
“Qarabağ” isə ötən mövsüm aparıcı oyunçularla vidalaşdı. Komandada yenilənmə prosesi getdi, heyətə yeni futbolçular qoşuldu. Hələ azarkeşlərin görmək istədiyi “Qarabağ” deyil. Çünki bir çox futbolçu hələ adaptasiya və uyğunlaşma dövrünü keçir. Məncə, maraqlı görüş olacaq. Düzdür, kimdən soruşsanız, “Sabah”ın favorit olduğunu deyəcək. Amma proqnoz verməkdə bir az çətinlik çəkirəm. Məncə, baxımlı matç keçəcək. Kim güclüdürsə, o da qalib gəlsin. Əsas odur ki, bu ildən etibarən artıq üç komanda çempionluq uğrunda mübarizə aparır. Bu da Azərbaycan çempionatına əlavə rəng qatır”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Sabah” - “Qarabağ” görüşü oktyabrın 25-də reallaşacaq. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.