Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində "Liverpul"un qonağı olacaq. Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb "köhlənlər"in İngiltərə nəhəngi ilə mübarizəsindən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində rəqiblər müəyyənləşən zaman heç kim "Qarabağ"ın 10 xal toplayacağını gözləmirdi. Əlbəttə, təmsilçimiz çox böyük uğura imza atıb və tarix yazıb. Pley-offa vəsiqəni də rəsmiləşdirmək üzrədir. Möcüzə baş verməsə, "Qarabağ" "Liverpul"la oyunun nəticəsindən asılı olmayaraq, 1/16 finalda iştirak hüququ qazanacaq.
"Enfild"də meydan sahiblərinə qarşı mübarizə aparmağın çətin olacağı şübhə doğurmur. Dünyanın ən tanınmış klublarından birindən, "Liverpul"dan danışırıqsa, rəqibin keyfiyyəti və gücü barədə əlavə fikirlər səsləndirməyə ehtiyac yoxdur. İngiltərə təmsilçisi 8 komandadan biri olmaq, birbaşa 1/8 finalda oynamaq üçün "Qarabağ"ı məğlub etməyi qarşısına məqsəd qoyub. İstənilən halda, Azərbaycan çempionu da indiyədək bir neçə İngiltərə komandasına - "Çelsi"yə, "Tottenhem"ə, "Arsenal"a qarşı səfərdə oynayıb. "Qarabağ"a uğurlar arzulayıram. Ən yaxşısına ümid edək. Hamımız səbirsizliklə bu matçın başlamasını gözləyirik".
Nihat