Samir Əliyev: “Millidə olanda daim bu məsələdən gileylənmişəm”

16.10.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində bu ay keçirdiyi iki oyunda bir xal qazanıb. Çexiyaya səfərdə böyük hesabla (0:5) uduzan yığma Bakıda Şotlandiya ilə heç-heçə edib (3:3).

U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Çexiyaya məğlubiyyətdən sonra hər kəs düşünə bilərdi ki, millimiz evdə qrupun favoritlərindən Şotlandiyaya da uduzacaq. Etiraf edək ki, şotlandlar bizim millidən 2-3 baş üstündür, keyfiyyətli futbolçuları var. Buna baxmayaraq, yığmamız güclü rəqibə qol vurmağı bacardı, bir xal qazandı”.

Mütəxəssis yığmanın yeni baş məşqçisi Rəşad Eyyubovun təyinatından söz açdı:

“Əlbəttə, Şotlandiya ilə oyunda qələbə də ola bilərdi, amma son dəqiqələrdə qol buraxdıq. Bir xal normaldır, yaxşıdır. Çatışmazlıqlar, oyun planında problemlər olduğunu hər kəs bilir. Millinin baş məşqçisi yenidir, o qədər də təcrübəsi olmaya bilər. Zaman keçdikcə həm Eyyubov təcrübə qazanacaq, həm millimiz daha yaxşı çıxış edəcək. Milliyə, məşqçilər korpusuna dəstək olmalıyıq. Şotlandiya kimi komandaya 3 qol vurmaq gözəl göstəricidir. Bu, futbolçularda inamı artıracaq. Oyun yaxşı təcrübə oldu”.

Əliyev Premyer Liqada legioner limitinin ləğvinə də toxundu:

“Limitin ləğvi nəinki U-21-ə, hətta əsas yığmaya da təsir edir. Limitin ləğvindən sonra görünən odur ki, komandalarımızda 2-3 yerli futbolçu daim oynayır. 21 yaşadək olanların əksəriyyəti, 1-2 nəfəri çıxmaqla demək olar, oynamır və ya 5-10 dəqiqə şans qazanır. Millidə olanda daim bu məsələdən – futbolçuların oynamamasından gileylənmişəm. Onların oynaması millinin daha yaxşı olması üçün vacibdir”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью