Samsung tarixinin ən böyük rüblük mənfəətini açıqladı 80 milyard dollar

08.10.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” 2026-cı ilin üçüncü rübü üzrə rekord maliyyə nəticələri açıqlayıb.

Marja xəbər verir ki, şirkətin ilkin hesablamalarına görə, əməliyyat mənfəəti 107,4 trilyon von (təxminən 80,2 milyard dollar) təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 782,5% artım deməkdir. Bununla da “Samsung” tarixində ilk dəfə rüblük əməliyyat mənfəəti 100 trilyon von həddini keçib.

Şirkətin üçüncü rübdə gəlirlərinin isə təxminən 195 trilyon vona çatdığı bildirilir. Bu, illik müqayisədə təxminən 127% artım deməkdir.

“Samsung”un rekord nəticələrinin əsas səbəblərindən biri süni intellekt infrastrukturu üçün istifadə olunan yaddaş çiplərinə tələbatın kəskin artmasıdır. Xüsusilə yüksək ötürmə qabiliyyətli yaddaş çiplərinə — HBM məhsullarına tələbatın yüksəlməsi, həmçinin DRAM və NAND yaddaş çiplərinin təklifinin məhdud qalması şirkətin yarımkeçirici biznesinin gəlirlərini artırıb.

Müqayisə üçün, “Samsung Electronics” 2025-ci ilin üçüncü rübündə 12,17 trilyon von əməliyyat mənfəəti əldə etmişdi.

Şirkət 2026-cı ilin ikinci rübündə də rekord göstəricilər açıqlamışdı. Həmin dövrdə gəlirlər 171,5 trilyon von, əməliyyat mənfəəti isə təxminən 89,5 trilyon von təşkil etmişdi.

“Samsung Electronics”in biznes istiqamətləri üzrə daha ətraflı maliyyə nəticələrini oktyabrın sonlarında açıqlaması gözlənilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью