Samuxda ilin taxılı anbarlardadır

31.07.2025

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

2025-ci ilin məhsulu üçün Samux rayonunun əkinçiləri böyük uğura imza atıblar. Rayonun təsərrüfatlarında, ümumilikdə, 10822,4 hektar taxıl sahəsində biçin işləri uğurla həyata keçirilib. Bu sahələrdən 46688,5 ton məhsul yığılıb, hər hektardan orta məhsuldarlıq 43,1 sentner təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım deməkdir.

Biçilmiş sahələrin 5292,6 hektarı buğda, 5529,8 hektarı isə arpa əkinləri olub. Yığılan məhsulun 25818,7 tonu buğda, 20869,8 tonu isə arpa olub. Buğda sahələrindən hər hektardan 48,8 sentner, arpa sahələrindən isə 37,7 sentner məhsul götürülüb. Bu göstəricilər kənd əməkçilərinin əzmkarlığını və bölgədə aqrar sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Samuxun zəhmətsevər adamları yazın və yayın istisinə baxmayaraq səbrlə, böyük zəhmət və fədakarlıqla taxıl biçinini vaxtında və itkisiz başa vurublar. Onların əməyi sayəsində bu il rayonun taxıl anbarları dolub, ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm töhfə verilib.

Qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığın əldə olunmasında vaxtında aparılmış aqrotexniki tədbirlər, müasir texnikalardan səmərəli istifadə, keyfiyyətli toxum materialı və fermerlərin bilik və bacarıqları həlledici rol oynayıb.

Samux rayonunda taxıl biçini rəsmi olaraq başa çatıb və əldə olunan nəticələrlə gələcək illər üçün daha böyük uğurların təməli qoyulub.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью