Samuxda qarayara qeydə alındı BİRGƏ MƏLUMAT

13.08.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

Məlumata görə, hazırda təmasda olan şəxslər müəyyənləşdirilıb, tibbi müşahidəyə cəlb edilib və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılıb. Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilmişdir. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanmış və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Qeyd edilib ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın hər yerində rast gəlinən haldır.

Qarayara, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir:

"Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur.

Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.

Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur".

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью