Sankt Peterburqa HÜCUM: YARALANANLAR VAR

24.07.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sankt-Peterburq və Leninqrad vilayəti gecə saatlarında Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb. 
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində Leninqrad vilayətinin Novosaratovka kəndində yerləşən Wildberries şirkətinin anbarında yanğın baş verib, üç nəfər yaralanıb.
Bildirilib ki, saat 01:43-də bölgədə dron təhlükəsi elan olunub. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində vilayət üzərində 59 pilotsuz uçuş aparatını məhv edib.
Kirovski rayonunun Sinyavino kəndində yerləşən "Severnaya" quşçuluq fermasının ərazisinə düşən dron anbarın bir hissəsinin çökməsinə səbəb olub.
Novosaratovka kəndindəki Wildberries logistika mərkəzinə edilən hücum nəticəsində anbarda yanğın baş verib. Rəsmi məlumata görə, üç nəfər orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Rusiya İstintaq Komitəsi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Leninqrad vilayətindəki mülki obyektlərə hücumu nəticəsində mülki şəxslər xəsarət alıb. Hazırda zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.
Wildberries şirkəti həmçinin Sankt-Peterburqdakı Şuşarı və Utkina Zavod logistika mərkəzlərində əməliyyatların dayandırıldığını açıqlayıb. Dayandırılmanın səbəbi açıqlanmasa da, dron hücumları nəticəsində şirkətin logistika imkanlarının təxminən 8 faiz azaldığı bildirilir.
Qeyd edək ki, iyulun 18-də də dronlar Tambov vilayətinin Kotovsk şəhərində və Moskva vilayətinin Elektrostal şəhərində yerləşən Wildberries logistika obyektlərinə hücum etmişdi. Daha sonra Podolskdakı digər anbara, iyulun 22-nə keçən gecə isə Krasnodar və Stavropol diyarının Nevinnomıssk şəhərindəki logistika mərkəzlərinə zərbələr endirilmişdi.
Leninqrad vilayətində dron təhlükəsi ilə bağlı tətbiq edilən məhdudiyyətlər səhər saat 06:15-də tamamilə aradan qaldırılıb.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirib ki, Ukrayna hərbi tipli pilotsuz uçuş aparatları ilə şəhərdəki mülki infrastrukturu hədəfə alıb. Onun sözlərinə görə, zərbə Moskva şossesi yaxınlığındakı obyektlərə dəyib.
"Fontanka" nəşrinin məlumatına görə, hadisədən sonra Moskva şossesində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Hazırda Sankt-Peterburq şəhərində həlak olanlarla bağlı rəsmi məlumat yoxdur.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью