​Sankt Peterburqa kütləvi PUA hücumu

06.06.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 6-na keçən gecə Rusiyanın bir neçə regionu, o cümlədən Sankt-Peterburq şəhəri və ətraf ərazilər, həmçinin Ukraynanın Rusiyanın işğalı altında olan torpaqları pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

"AzPolitika" xəbər verir ki, Ukrayna və Rusiyanın teleqram kanallarının (o cümlədən "ASTRA") yaydığı məlumatlara görə, Leninqrad vilayətinin Bolşaya İjora qəsəbəsi yaxınlığında güclü yanğın baş verib. Qeyd olunur ki, həmin ərazidə Rusiya Hərbi Dəniz Donanmasının (HDD) 15-il arsenalı yerləşir.

Eyni zamanda, Kronştadt şəhərinin də PUA zərbələrinə məruz qaldığı bildirilir. Bu, son bir həftə ərzində Sankt-Peterburqa edilən ikinci irimiqyaslı hücumdur. İlk hücum iyunun 3-də - Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) açılışı günündə baş vermişdi. Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi sözügedən forum iyunun 5-də başa çatıb.

Sankt-Peterburq şəhərinin rəhbəri Aleksandr Beqlov PUA hücumunu rəsmən təsdiqləyib və yerli sakinləri təhlükəsizlik məqsədilə evlərini tərk etməməyə çağırıb.

Mənbələrin verdiyi məlumata görə, hücum zamanı Sankt-Peterburqun Lomonosov rayonunda yerləşən və Rusiya ordusu üçün sualtı silahların yaradılmasında əsas müəssisə hesab olunan Dəniz İstiliktexnikası Elmi-Tədqiqat İnstitutu hədəf alınıb. Peterqofda isə dronlar neft bazasını vurmağa cəhd göstərib. Kronştadtda isə hərbi dəniz kadet korpusunun hücuma məruz qaldığı bildirilir.

Hadisələrin ardınca Rusiya hakimiyyət orqanları Kronştadt şəhərinə giriş və çıxışın tamamilə qadağan edildiyini bəyan ediblər. Həmçinin Lomonosov rayonunda hərbi obyektdə baş verən güclü yanğınla əlaqədar əhalinin "qismən təxliyəsi" barədə qərar verilib.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bəyan edib ki, vilayət səmasında ümumilikdə 141 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Qubernator hədəfə çatan və ya vurulmayan PUA-ların sayı barədə isə məlumat verməyib.

Rusiya Müdafiə Nazirliyi isə rəsmi açıqlamasında gecə ərzində ölkə ərazisində ümumilikdə 200-dən çox Ukrayna PUA-sının vurulduğunu iddia edib.

Kütləvi hücumlar təkcə şimal regionu ilə məhdudlaşmayıb. Rusiya teleqram kanallarının məlumatına görə, ölkənin cənubunda - Krasnodar diyarının Ust-Labinsk şəhərində yerləşən neft bazasında da PUA zərbəsindən sonra güclü yanğın başlayıb. Hazırda obyektlərdə yanğının söndürülməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.

Rasim

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью