Sankt Peterburqda Azərbaycan dili və müasir nəsrinə dair kitablar təqdim olunub

18.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Sankt-Peterburq, 18 noyabr, AZƏRTAC

Sankt-Peterburqun V.V.Mayakovski adına Mərkəzi Şəhər İctimai Kitabxanasında Azərbaycan dili və ədəbiyyatı gecəsi keçirilib. İştirakçılar yeni nəşrlərlə tanış olub, Azərbaycan poeziyası və musiqisindən nümunələr, müasir yazıçıların videomüraciətlərini dinləyiblər.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası bölümünün baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamalova olub.

Gecədə onun müəllifi olduğu “Azərbaycan dili. Baza kursu” dərsliyi və tərtib etdiyi “Yağışlar şəhərinin kitabxanası və digər hekayələr” toplusu təqdim edilib.

Tədbiri açan kitabxananın Şərq Mədəniyyətləri Mərkəzinin rəhbəri Mariya Zuyeva Ş.Kamalovaya uzunmüddətli əməkdaşlığa görə təşəkkürünü bildirib. O qeyd edib ki, Ş.Kamalova 2014-cü ildən kitabxana ilə könüllü əsaslarla əməkdaşlıq edir və bu müddətdə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə həsr olunan 170-dən çox tədbir keçirib.

Ş.Kamalova təqdim olunan kitabların hazırlanmasından danışıb. Bildirib ki, 26 dərsdən ibarət dərslikdə Azərbaycan dilinin qrammatikası ətraflı izah olunur, hər mövzuya aid çalışmalar verilir. Nəşrin sonunda azərbaycanca-rusca və rusca-azərbaycanca lüğətlər, eləcə də çətin çalışmaların cavabları yer alır. O, həmçinin müasir Azərbaycan yazıçılarının rus dilinə tərcümə edilmiş hekayələrindən ibarət toplunu təqdim edib.

“KARO” nəşriyyatının baş redaktoru Mariya Noskova kitabların çapa hazırlanması prosesindən və Ş.Kamalova ilə əməkdaşlıqdan söz açıb.

Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri Azərbaycan ədəbiyyatı haqqında məruzə ilə çıxış edib, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Ramiz Rövşənin və Nigar Rəfibəylinin şeirlərini səsləndiriblər.

Proqramda Sankt-Peterburqun Petroqrad rayonundakı 67 nömrəli gimnaziyanın şagirdləri də iştirak ediblər. Gimnaziyanın direktor müavini, Əməkdar müəllim Lidiya Çıqanova Ş.Kamalova ilə əməkdaşlıqdan, onun təşəbbüsü ilə təhsil müəssisəsinin Bakıdakı məktəblərdən biri ilə əlaqələr qurmasından danışıb.

Müəllim Olqa Həsənovanın rəhbərliyi ilə gimnazistlər Səməd Vurğunun “Azərbaycan” şeirini Azərbaycan dilində söyləyib, Azərbaycan musiqisi haqqında məlumat verib, Müslüm Maqomayevin repertuarından mahnı ifa edib və bəstəkar Şəfiqə Axundovanın yaradıcılığından danışıblar. “Xəzər” rəqs ansamblının solisti “Turacı” rəqsi ilə çıxış edib.

Gecədə hekayələri topluya daxil edilmiş Azərbaycan yazıçıları Ataqamın, Orxan Cuvarlının, Orxan Həsəninin və Bəhruz Tağızadənin videomüraciətləri nümayiş olunub. Tərcüməçilər əsərlər üzərində işləyərkən qazandıqları təəssüratları bölüşüblər.

İki saat davam edən tədbirin sonunda iştirakçılara kitabxananın təşəkkürnamələri təqdim olunub və xatirə şəkli çəkdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью