Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Sankt-Peterburqun V.V.Mayakovski adına Mərkəzi Şəhər İctimai Kitabxanasında Azərbaycan dili və ədəbiyyatı gecəsi keçirilib.
İştirakçılar yeni nəşrlərlə tanış olub, Azərbaycan poeziyası və musiqisindən nümunələr, müasir yazıçıların videomüraciətlərini dinləyiblər.
Tədbirin təşkilatçısı və aparıcısı Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası bölümünün baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamalova olub.
Gecədə onun müəllifi olduğu “Azərbaycan dili. Baza kursu” dərsliyi və tərtib etdiyi “Yağışlar şəhərinin kitabxanası və digər hekayələr” toplusu təqdim edilib.
Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri Azərbaycan ədəbiyyatı haqqında məruzə ilə çıxış edib, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Ramiz Rövşənin və Nigar Rəfibəylinin şeirlərini səsləndiriblər.
Proqramda Sankt-Peterburqun Petroqrad rayonundakı 67 nömrəli gimnaziyanın şagirdləri də iştirak ediblər. Gimnaziyanın direktor müavini, Əməkdar müəllim Lidiya Çıqanova Ş.Kamalova ilə əməkdaşlıqdan, onun təşəbbüsü ilə təhsil müəssisəsinin Bakıdakı məktəblərdən biri ilə əlaqələr qurmasından danışıb.
Gecədə hekayələri topluya daxil edilmiş Azərbaycan yazıçıları Ataqamın, Orxan Cuvarlının, Orxan Həsəninin və Bəhruz Tağızadənin videomüraciətləri nümayiş olunub. Tərcüməçilər əsərlər üzərində işləyərkən qazandıqları təəssüratları bölüşüblər.
XQ