Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Baş konsulluğunun təşkilatçılığı ilə ümummilli lider, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım günü tədbiri keçirilib.
Demokrat.az xəbər verir ki, ilk olaraq 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi Qoroxova küçəsində Ulu Öndərin barelyefi ziyarət edilib və önünə gül dəstələri düzülüb.
Mərasimdə Baş konsulluğun heyəti, Sankt-Peterburq hökumətinin və şəhər administrasiyasının nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Daha sonra Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının “Parlament” mərkəzində Baş konsulluğun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım günü tədbiri keçirilib.
Tədbirdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura, Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatları və Leninqrad vilayəti hökumətinin rəsmiləri, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Belarus Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulları, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Federasiyası, Qazaxıstan və Tacikistan Respublikasının MDB PA Şurasında səlahiyyətli nümayəndələri, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı doktorantlar və tələbələr iştirak ediblər.
Eyni zamanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olduğunu, belə bir dahi şəxsiyyətin azərbaycanlı olmasının Azərbaycan xalqının milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirib.