Şanlı Qələbəmiz tarixi nailiyyətimizdir MƏQALƏ

04.11.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Zəfərdən 6 il keçir. Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış tarixi Zəfər, sadəcə torpaqlarımızın azad edilməsi deyil, həm də milli kimliyimizin, birliyimizin və gəncliyimizin gücünün nümayişi oldu. Ermənistanın 2020-ci il 27 sentyabr təxribatları Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi Azərbaycanda xalq-ordu birliyini və orduya olan inamı bir daha nümayiş etdirdi. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olması ilə qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.

Qəhrəman hərbçilərimiz döyüş meydanında vətənpərvərlik dərsi keçdi. Şuşanı mürəkkəb relyef şəraitində, əlbəyaxa döyüşlərlə azad edən əsgər və zabitlərin hərbi rəşadəti dünya hərb tarixinə yeni bir səhifə yazdı. Bu mühüm məqamı da qeyd edək ki, müasir müharibələr təkcə səngərdə deyil, həm də rəqəmsal platformalarda və informasiya məkanında aparılır. Azərbaycan gəncliyi bu cəbhədə yüksək fəallıq göstərdi. Xarici dilləri mükəmməl bilən gənclərimiz müharibə dövründə və ondan sonrakı mərhələdə real faktları, tarixi həqiqətləri və Ermənistanın vandalizm siyasətini dünya ictimaiyyətinə çatdırdılar. Tarixi Zəfərimiz xalqımızın birliyinin, həmrəyliyinin dünyaya təqdimatı oldu. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzü, həm də birliyimizi özündə əks etdirir.

Arxada qalan hər il, hər gün şanlı Qələbəmizə gedən yola işıq salır, müharibənin baş verməsini şərtləndirən amillərin açıqlanmasında yardımçı olur. Azərbaycan 30 il dünya güclərindən və beynəlxalq təşkilatlardan ədalət gözlədi. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdır, lakin Ermənistana bu sənədlərə məhəl qoymamasına görə heç bir sanksiyanın tətbiq olunmaması işğalçı dövlətin daha da ərköyünləşməsinə, yeni ərazilər uğrunda müharibə planları hazırlamasına səbəb oldu. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə getdilər. Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Belə ki, ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Çıxışlarında “İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq” söyləyən cənab İlham Əliyev onu da bildirir ki, İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi irəli aparan məhz bu idi.

Qarabağı azad görmək Ümummilli Lider Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. Həmin gün müstəqillik tariximizin ən parlaq səhifəsi yazıldı. Zəfərimiz dünənimizə və bu günümüzə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. 2023-cü ilin 19 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün qalib, suveren ölkənin vətəndaşı olmağımızla qürur duyuruq. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çətin günlərində, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu çağırışı etmişdir ki, bu çətin günlər keçib gedəcək, hər kəs belə güclü, qüdrətli Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq. Bu gün güclü, qüdrətli Azərbaycan, eyni zamanda qalibiyyəti, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə qürurludur. Qalib ölkənin yenilməz, məğrur xalqı Zəfərimizin reallıqları fonunda daha inamla addımlayaraq yeni dövrün hədəflərinin gerçəkləşməsinə öz töhfələrini verməyə səy göstərir.

Bu gün Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Böyük Qayıdış Proqramı çərçivəsində azad şəhərlərimiz, kənd və qəsəbələrimiz sakinlərinə qovuşur. Hazırda 100 minə yaxın insan bu torpaqlarda yaşayır, işləyir, təhsil alır. Bu da son rəqəm deyil. Qayıdış ünvanlarının sayı artır. Qısa zamanda 47 şəhər, kənd və qəsəbənin sakinlərinə qovuşması qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.

Dövlətimizin başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamı gələcəyə çağırışdır. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən şanlı Qələbəmizi və bu tarixi qanı ilə yazan qəhrəman Vətən oğullarını unutmamaq, onların adlarını əbədiləşdirərək gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur.

Aliyə Ağrılı,

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək texnologiya işçiləri həmkarlar ittifaqı respublika komitəsinin Təşkilat işləri və beynəlxalq əlaqələr şöbəsinin müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью