Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şanlı tariximizin möhtəşəm Zəfər Günü” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Tədbirdən öncə institutun kollektivi Hərbi Memorial Məzarlığı ziyarət edərək şəhidlərimizin xatirəsini yad edib. Elmi sessiyanının əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sessiyanı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, ötən əsrin 80-ci illərində Qarabağda başlayan erməni separatizmi 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizinin işğalına və 1 milyondan çox soydaşımızın məcburi köçkün düşməsinə səbəb olub. Torpaqlarımızın təxminən 30 il əsarətdə qaldığını xatırladan akademik Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə xaosun aradan qaldırıldığını və ordu quruculuğunun təməlinin qoyulduğunu vurğulayıb. Akademik G.Baxşəliyeva 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatların, beynəlxalq əlaqələrin və müasir ordu quruculuğu siyasətinin məntiqi nəticəsi olaraq, xalq-iqtidar birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldığını və torpaqlarımızın azad olunduğunu diqqətə çatdırıb.
İnstitutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü çıxışında 44 günlük savaşın qlobal miqyasda xalqımızın və ölkəmizin obrazını tamamilə yenidən formalaşdıran şanlı qəhrəmanlıq dastanı olduğunu qeyd edərək, müzəffər ordumuzun misilsiz hərbi gücü və ruh yüksəkliyi ilə işğalçıya tarixi dərs verdiyini diqqətə çatdırıb.
Rəqəmsal inkişaf üzrə direktor müavini dosent Elnur Mustafayev bildirib ki, xalqımız iki əsr ərzində torpaq itkiləri və böyük ədalətsizliklərlə üzləşib. 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 8-də möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsi tarixi ədaləti bərpa edərək torpaqlarımızı özümüzə qaytardı. Bu böyük nailiyyəti qorumaq hər birimizin borcudur. Alimlərin qarşısında duran əsas vəzifə isə bu tarixi Qələbənin müxtəlif aspektlərdən tədqiq edilməsi və dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu istiqamətdə Şərqşünaslıq İnstitutunda kitablar yazılır, elmi məqalələr hazırlanır.
Sonra Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Pərviz Ağayev “Müzəffər ordunun əmanəti və Zəfər ruhunda formalaşan gənclik” mövzusunda məruzə ilə çıxış edib. O, ölkə daxilində Zəfər Gününə həsr olununan silsilə tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Vətən müharibəsi iştirakçısı olan Pərviz Ağayev keçdiyi döyüş yolundan da bəhs edib.
İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri dosent Namiq Məmmədov “Vətən müharibəsində Zəfər: işğaldan suverenliyin tam bərpasına və sülhə (2020–2026)” mövzusunda məruzə edib. Məruzədə Zəfərin tarixi zəmini, otuz illik işğal dövrü və BMT Təhlükəsizlik Şurasının icra olunmamış qətnamələrindən, 44 günlük Vətən müharibəsinin gedişi və Şuşanın azad edilməsinin həlledici əhəmiyyətindən bəhs olunub.
Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi dosent Xanımzər Kərimovanın “Zəfərin zərif qəhrəmanları: Vətən müharibəsində Azərbaycan qadını” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşına əbədi həkk olunan, milli qürurumuzun, birliyimizin və Vətən sevgimizin təcəssümünə çevrilən möhtəşəm tarixdir.