Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sevda Məmmədova, YAP Qazax rayon təşkilatının partiya veteranı Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyev öz müdrik siyasəti və eyni zamanda, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu.
Ulu Öndər Heydər Əliyev belə mürəkkəb vəziyyətdə ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması vəzifələrinin öhdəsindən məharətlə gəldi.
Həmin dövrdə mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, həmçinin insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə təminat vermirdi.
Cəmiyyətin gələcək inkişafı digər sahələrlə yanaşı, eyni zamanda, hüquq sahəsində də köklü islahatların həyata keçirilməsini, tamamilə yeni və demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazasının formalaşdırılmasını zərurətə çevirmişdi.
Məhz bu səbəbdən müstəqil dövlət qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.
Milli Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu.
Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi.