Şanlı zəfərimizin əbədiləşdirilməsi ŞƏRH

18.11.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar təkcə təqvim vərəqindəki adi bir tarix deyil, milli qürurun, yenilməz iradənin və tarixi ədalətin təntənəsidir. 20 Noyabr – Ağdam şəhəri günü məhz belə müqəddəs və şərəfli səhifələrdən biridir. Otuz ilə yaxın davam edən işğal dövründə düşmən tapdağı altında qalan, daşı-daş üstündə saxlanılmayan, “Qafqazın Xirosiması” adlandırılan Ağdam Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində bir güllə belə atılmadan azadlığına qovuşdu. Vətən müharibəsində qazanılan şanlı Qələbənin məntiqi nəticəsi olan 10 noyabr Üçtərəfli Bəyanatına əsasən Ağdam rayonunun işğaldan azad edilməsi həm hərb, həm də diplomatiya tariximizin parlaq zəfəri kimi yaddaşlara əbədi həkk olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi, o cümlədən 20 noyabr tarixinin Ağdam şəhəri günü kimi müəyyən olunması şanlı zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm tarixi addımdır. Bu qərar həm Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi, həm də gələcək nəsillərə ötürülən milli yaddaş mesajıdır. Xalqımız artıq bu tarixi göz yaşları və həsrətlə deyil, qalib xalqın sonsuz fəxarəti, dirçəliş əzmi və quruculuq sevinci ilə qeyd edir.
Ağdam tarixən Qarabağın iqtisadi, mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış qədim yurd yerimizdir. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın əsasını qoyduğu bu şəhər özünəməxsus memarlıq üslubu, zəngin sənətkarlıq ənənələri, bərəkətli torpaqları və nadir mədəni abidələri ilə seçilmişdir. Cümə məscidi, Pənahəli xanın imarəti, Şahbulaq qalası, dünyada nadir nümunələrdən sayılan Çörək muzeyi, neçə-neçə sənətkar və ziyalı yetişdirmiş muğam ocaqları Ağdamın milli kimliyimizin ayrılmaz parçası olduğunu sübut edirdi. Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bu abad şəhər görünməmiş vandalizmə məruz qaldı, məscidlərimiz təhqir edildi, qəbiristanlıqlarımız dağıdıldı, yaşayış binaları və infrastruktur yerlə-yeksan edildi.
Bütün bu dağıntılara baxmayaraq, xalqımız bir an belə doğma torpaqlara qayıdacağına ümidini itirmədi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən dövlətçilik strategiyası və bu xətti yeni dövrün çağırışlarına uyğun şəkildə zəfərlə taclandıran Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan güclü iqtisadiyyata və yenilməz orduya sahib oldu. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə təkcə ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqımızın əyilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Ağdamın azad olunması ilə Qarabağın qapısı yenidən öz əsl sahiblərinin üzünə açıldı.
Bu gün Ağdamda həyata keçirilən nəhəng bərpa və quruculuq işləri şanlı zəfərimizin əməli təcəssümüdür. Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinin Baş planı təsdiqlənmiş, müasir şəhərsalma standartlarına cavab verən “ağıllı” infrastruktur layihələrinin icrasına başlanılmışdır. Cümə məscidinin, İmarət kompleksinin, Şahbulaq qalasının yüksək zövqlə bərpa olunması tarixi-mədəni irsimizə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bununla yanaşı, Ağdam Sənaye Parkının yaradılması, yeni yol-nəqliyyat şəbəkələrinin, elektrik yarımstansiyalarının, müasir məktəblərin, xəstəxanaların və yaşayış məhəllələrinin inşası şəhərin yaxın gələcəkdə regionun ən abad və dinamik inkişaf edən mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Qarabağda, o cümlədən Ağdamda milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin dirçəldilməsinə böyük töhfələr verir. Hər bir bərpa olunan abidə, ucaldılan hər bir yeni bina düşmənin viran qoyduğu torpaqlarda həyatın yenidən cücərməsinin, Azərbaycan dövlətinin qüdrətinin və xalqımızın yaradıcı enerjisinin rəmzidir.
Şanlı zəfərimizin əbədiləşdirilməsi yalnız daş və divarların ucaldılması deyil, həm də bu torpaqlara əbədi sahib çıxmaq şüurunun möhkəmləndirilməsidir. Artıq ağdamlıların doğma yurd-yuvalarına mərhələli qayıdışı başlayıb və bu proses Ağdam küçələrinə yenidən uşaq gülüşü, ocaqlara istilik, torpağa bərəkət gətirir. 20 Noyabr – Ağdam şəhəri günü bizə bir daha xatırladır ki, birlik, həmrəylik və güclü liderlik olan yerdə heç bir qüvvə xalqımızın iradəsini sındıra bilməz. Qalib Azərbaycanın ayrılmaz parçası olan Ağdam əbədi olaraq azad, abad və firavan yaşayacaqdır.

Səbinə Əliyeva

YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью