Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir ŞƏRH

08.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 noyabr, AZƏRTAC

Bu gün ölkəmizin hər yerində 8 Noyabr – Zəfər Günü böyük coşqu ilə qeyd olunur. Xalqımızın Qələbənin qürurunu yaşamağa tam mənəvi haqqı var. Bu Qələbəni heç kim bizə hədiyyə etməyib. Onu igid əsgər və zabitlərimizin şücaəti, canı-qanı hesabına qazanmışıq.

Bu Zəfər yalnız işğalçı Ermənistan üzərində qazanılan Qələbə deyildi. Düşmənin arxasında dayanan böyük güclər 30 il ərzində ikili standartlardan çıxış edərək Ermənistanın cəzalandırılmasına və işğal nəticəsində yaranmış status-kvonun dəyişdirilməsinə imkan verməmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan müharibənin ilk günlərindən də Ermənistanın havadarları Azərbaycana təzyiq göstərərək onu haqq yolundan döndərməyə, müharibəni yarımçıq dayandırmağa çalışsalar da, buna nail ola bilmədilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev təzyiqlər qarşısında geri çəkilmədi və bildirdi ki, müharibənin dayandırılmasının yeganə şərti Ermənistanın işğalçılıq siyasətinə son qoyması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Qələbəni təmin edən əsas amillərdən biri də xalqın birliyi və Prezident İlham Əliyevə göstərdiyi dəstək idi

Deputat bildirib ki, şanlı Qələbəmizin əsas memarı Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ölkəmizin iqtisadi gücünün artması və qüdrətli Ordunun qurulması ilə şərtlənirdi. Dövlətimizin başçısı həm qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadir güclü Silahlı Qüvvələr formalaşdırmış, həm də işğala son qoymaq üçün müharibəyə başlamağın düzgün zamanını seçmişdi. Prezidentin də qeyd etdiyi kimi, müharibəyə tez başlamaq tələsmək, daha sonra başlamaq isə gecikmək demək olardı.

Onun sözlərinə görə, 44 günlük müharibədə Qələbəni təmin edən əsas amillərdən biri də xalqın birliyi və Prezident İlham Əliyevə göstərdiyi dəstək idi. Dövlətimizin başçısının bu gün Xankəndidə Zəfər Günü münasibətilə xalqa müraciətində vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi və qazanılan Qələbə şanlı tariximizdir. Müraciətin Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirilməsi də xüsusi rəmzi məna daşıyır.

Xankəndidə vaxtilə separatçıların yerləşdiyi keçmiş icra hakimiyyəti binasında son tamamlama işlərindən sonra Zəfər Muzeyi fəaliyyət göstərəcək. Hərbi cinayətkarlar isə hazırda Bakı həbsxanalarında öz cəzalarını çəkirlər.

Samir Vəliyev Qələbəni şərtləndirən amillər və antiterror əməliyyatına toxunaraq bildirib ki, Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi tərəqqisi, beynəlxalq nüfuzunun yüksəlməsi və fəal diplomatiyası tarixi Zəfərimizə zəmin yaradıb. Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı və uzaqgörənliyi, güclü Ordu, müasir hərbi texnika, hərbçilərin peşəkarlığı, xalqın milli ruhu, birlik və həmrəyliyi də Qələbənin əsas amilləri olub.

Azərbaycançılıq ideologiyası da tarixi Zəfərimizdə mühüm rol oynayıb

Deputat milli-mənəvi dəyərlərin və Azərbaycançılıq ideologiyasının da tarixi Zəfərimizdə mühüm rol oynadığını vurğulayıb. "Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyası ölkədəki bütün etnik qrupları və dinlərin nümayəndələrini birləşdirən, xalqı vahid amallar uğrunda səfərbər edən milli düşüncə və iradənin təcəssümüdür. Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən tam müstəqil, ləyaqətli və heç kimdən asılı olmayan güclü dövlətdir. Əsas məqsəd gələcəkdə heç kimin Azərbaycana zərər vermək fikrinə düşə bilməyəcəyi qədər güclü olmaqdır. Bunun üçün xalq olaraq hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Şübhəsiz ki, belə də olacaq!" – deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью