Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Ermənistanda Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edən müəlliflərdən biri katolikos II Qaregin ətrafında yaranmış vəziyyətlə bağlı hakimiyyətə qarşı yeni çağırış edib.
Musavat.com xəbər verir ki, Paşinyan hökumətinin tənqidçilərindən olan amerikalı erməni, The California Courier qəzetinin yazarı Arut Sasunyan dərc etdiyi məqalədə Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginə qarşı aparılan məhkəmə prosesi barədə yazıb.
Müəllif iddia edir ki, Ermənistan hakimiyyəti son illər kilsəyə qarşı sistemli kampaniya aparır və bu prosesin məqsədi II Qaregini vəzifəsindən uzaqlaşdırmaqdır.
Yazıda qeyd olunur ki, Vaqarşapat (Eçmiədzin) məhkəməsində avqustun 7-nə katolikos və daha altı yepiskopla bağlı ilkin məhkəmə iclası təyin edilib. Müəllif bunu Ermənistan tarixində misli görünməmiş hadisə kimi qiymətləndirərək, II Qareginin mümkün həbsi halında istefa verməyəcəyini və həbsdə olsa belə katolikos vəzifəsini icra etməyə davam edəcəyini iddia edib.
Revanşist Sasunyan həm Ermənistanda, həm də diaspor təşkilatlarında yaşayan erməniləri səssiz qalmamağa çağırır.
Qeyd edək ki, II Qaregin ətrafında yaranmış vəziyyət son aylarda Ermənistanın daxili siyasi gündəminin əsas mövzularından biridir. Paşinyan hökumətini tənqid edən mühafizəkar və revanşist dairələr kilsəni hakimiyyətə qarşı əsas siyasi platformalardan birinə çevirməyə çalışırlar. Hakimiyyət isə kilsə daxilindəki proseslərin qanun çərçivəsində həll edildiyini bildirir.