Saturnda nəhəng atmosfer dalğası kəşf edildi

16.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

NASA-nın “Hubble” kosmik teleskopu Saturnun cənub qütbü ətrafında inkişaf edən nəhəng onbucaqlı atmosfer dalğası aşkar edib.

“Qafqazinfo” xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, bu struktur planetin müxtəlif atmosfer təbəqələri boyunca uzanır və son illərdə güclənir.

Kəşf Saturnun şimal qütbündə onilliklərdir müşahidə olunan məşhur altıbucaqlı atmosfer quruluşunu xatırladır. Lakin cənub qütbündəki strukturun 10 tərəfli olması və daha yaxın zamanda formalaşmağa başlaması alimlərin diqqətini xüsusilə cəlb edib.

Tədqiqatçılar bildirirlər ki, “Hubble”ın 2023-cü ildən etibarən apardığı müşahidələr bu strukturun inkişafını izləməyə imkan verib. Alimlər bunun nəhəng planetin atmosferində böyük bir dalğa modelinin formalaşmasını ilkin mərhələlərdən müşahidə etmək üçün nadir fürsət olduğunu qeyd edirlər.

Strukturun ilk güclü izləri 2024-cü ildə həvəskar astronomlar Trevor Barri və Jan-Pol Oje tərəfindən yerüstü teleskoplarla çəkilmiş görüntülərdə aşkar edilib. Onlar bu müşahidələri tədqiqatın aparıcı müəllifi Aqustin Sançes-Laveqa ilə birlikdə araşdırıblar.

Daha sonra “Hubble” kosmik teleskopunun yüksəkdəqiqlikli müşahidələri strukturun tarixini 2023-cü ilə qədər izləməyə və onu müxtəlif dalğa uzunluqlarında tədqiq etməyə imkan verib.

Alimlər hələlik bu atmosfer dalğasının Saturnun şimal qütbündəki altıbucaqlı kimi uzunmüddətli və sabit quruluşa çevrilib-çevrilməyəcəyini bilmirlər.

Bu səbəbdən müşahidələrin “Hubble” və “James Webb” kosmik teleskopları vasitəsilə davam etdirilməsi planlaşdırılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью