Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal neft ehtiyatları təchizatdakı fasilələrin təsirini yumşaltmaq üçün “dəhşətli dərəcədə aşağı” səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, bunu Saudi Aramco şirkətinin rəhbəri Amin Nasser Londonda keçirilən Enerji Kəşfiyyatı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında gəmiçilik tam bərpa olunmasa, neft bazarında vəziyyət daha da pisləşə bilər.
“Hörmüz boğazı tam açılana və bazara inam bərpa olunana qədər həm neft, həm də neft məhsulları bazarlarına təzyiq güclənəcək. Neft çatışmazlığı ciddi problem olsa da, məhsul qiymətləri daha da artıb”, – Nasser deyib.
Saudi Aramco rəhbəri qeyd edib ki, G7 ölkələrinin strateji ehtiyatlardan 100 milyon barelə qədər neft və dizel yanacağının bazara çıxarılması qərarı müəyyən vaxt tələb edəcək. Lakin onun fikrincə, bu addım tələb və təklif arasındakı balanssızlığı aradan qaldırmayacaq.
Nasser bildirib ki, Hörmüz boğazından gəmiçilik bərpa olunduqdan sonra belə, ölkələrin strateji ehtiyatlarını əvvəlki səviyyəyə çatdırması iki ilə qədər vaxt apara bilər.
Onun sözlərinə görə, Saudi Aramco xaricdəki anbarlardan istifadə etməklə və zədələnmiş infrastrukturu operativ şəkildə bərpa etməklə Yaxın Şərqdəki münaqişə fonunda neft tədarükünün sabitliyini qoruyub.
Şirkət eyni zamanda neft ixracında hər hansı bir marşrutdan həddindən artıq asılılığın qarşısını almaq üçün alternativ ixrac yolları və xaricdə əlavə saxlama imkanları axtarır.
Nasser bildirib ki, Aramco bir neçə gün ərzində gündəlik 12 milyon barel həcmində maksimum dayanıqlı hasilat səviyyəsinə çata bilər.
“Sistemimiz zədələnməyib”, – deyə o vurğulayıb. Şirkət rəhbəri əlavə edib ki, Aramco strateji ehtiyatlara malikdir və zərurət yaranacağı təqdirdə ayrı-ayrı neft yataqlarını təcrid edərək hasilatı digər sahələr arasında yenidən bölüşdürə bilər.
Qeyd edək ki, ötən bazar günü Husilərin sözçüsü Yəhya Sari sosial şəbəkə hesabında Səudiyyə Ərəbistanında Saudi Aramco-ya məxsus iki obyektə raket və dronlarla hücum etdiklərini açıqlayıb. O, qrupun Səudiyyə Ərəbistanındakı hərbi və neft obyektlərinə zərbələri davam etdirəcəyi barədə xəbərdarlıq edib.